İlham Əliyev: Düşmənin istənilən hədəfini məhv edə bilərik

İlham Əliyev: Düşmənin istənilən hədəfini məhv edə bilərik

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır”.

Oxu.Az-ın məlumatına görə, bu sözləri Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul mərasimində Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, bu mövqe daha çox beynəlxalq dəstək qazanır: “Artıq dünya ictimaiyyəti bilir ki, reallıq nədən ibarətdir. Yəni, bizim torpaqlarımız işğal altındadır. BMT Təhlükəsizlik Şurasının, digər təşkilatların qətnamələri icra edilmir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq əsasında həll edilməsi bizim prinsipial mövqeyimizdir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.

Beynəlxalq münasibətlər istiqamətində bizim hörmətimizi əks etdirən tarixi hadisə bir neçə il bundan əvvəl baş verib. Biz BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Bu hadisə təkcə ona görə önəmli deyil ki, biz dünyanın ali orqanına seçildik və orada iki dəfə sədrlik etdik. Ona görə önəmlidir ki, dünyanın 155 ölkəsi bizə səs verdi, özü də çox ağır mübarizə şəraitində. Bəzi qüvvələr bizə qarşı birləşmişdi və imkan vermək istəmirdilər ki, Azərbaycan seçilsin. Yəni, biz o yerə böyük çətinliklə sahib olduq. Bu, da daha bir göstəricidir. Yəni, dünya birliyi deyəndə biz bütün ölkələri nəzərdə tuturuq. Dünya birliyi bu gün bizi dəstəkləyir”.

Prezident qeyd edib ki, qonşularla münasibətlər ən yüksək səviyyədədir: “Heç bir problemimiz yoxdur. Belə də olmalıdır. Əgər hər bir ölkə bizim kimi qonşularla münasibətləri qura bilsəydi, dünyada heç bir müharibə baş verməzdi. Müharibələrin əsas səbəbi ondan ibarətdir ki, qonşular bir-biri ilə yola getmir. Yenə də deyirəm, əgər 1990-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, heç vaxt Ermənistan-Azərbaycan müharibəsi başlamazdı. Biz heç vaxt buna imkan verməzdik.

Ancaq bu gün biz bu problemi həll etməliyik. Bunun həm diplomatik yolları var, həm digər yolları. Biz ordu quruculuğu istiqamətində çox böyük addımlar atmışıq. Bu gün beynəlxalq ekspertlər də qeyd edirlər ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Biz bunu bilirdik, ancaq bu gün bunu bütün dünya bilir. Bu ilin aprelində təmas xəttində baş vermiş hadisələr Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Bizim ordumuz əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi. Orada indi Azərbaycan bayrağı dalğalanır. Bu, bizim gücümüzü göstərir. Biz gücümüzü bilirik, gücümüzə əminik və düşmənin istənilən hədəfini məhv edə bilərik. Sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll edilsin”.

N.O. www.oxu.az

0
5