Baş məşqçi: Maştağadan futbolçu çıxmayıb

Baş məşqçi: Maştağadan futbolçu çıxmayıb

Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində keçirilən AZAL – “Kəpəz” matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oxu.Az Futbol11.az-a istinadən xəbər verir ki, qarşılaşmadan sonra bakılıların baş məşqçisi Tərlan Əhmədov oyunla bağlı fikirlərini bildirib.

“Ötən mövsüm bu meydanda qalib gələndə deyirdilər ki, AZAL meydançanı lənətləyib, rəqiblər uda bilmirdilər. İndi isə 83-cü dəqiqələrdə qol buraxıb, məğlub oluruq. İndi həmin adamlar niyə bu barədə yazmırlar?”

Əhmədov bundan başqa komandada lider oyunçunun olmamasından şikayətlənib: “Keçən il komandanın lideri var idi, bu gün yoxdu. Rail Məlikov ötən il bu funksiyanı yerinə yetirirdi. Murad Səttarlı, Namaşkonun bizə çox köməyi deyirdi. Futbolçuların səviyyəsinə uyğun nəsə etməyə çalışırıq”.

“Hümbətovun yerinə başqa futbolçunu oynatmaq olmazmı?” sualına məşqçi belə cavab verib: “Özünüz suala cavab verdiniz. Məndən olsaydı, Vadar müəllimi həmin mövqeydə oynadardım. Kamil Hüseynova demişəm ki, Maştağadan futbolçu çıxmayıb. Amma sən göz muncuğusan. Başqa alternativ yoxdu. Ya məcburam, özüm oynayım, ya da o”.

Qonaqların baş məşqçisi Şahin Diniyev isə bunları deyib:

“Birinci hissədə oyunumuz yaxşı alınmadı. Fasilədə futbolçulara lazımi tapşırıqları verdik. Rəqib artıq səhv etməyə məcbur idi. Yekunda lazım olan qolu vurduq. İkinci hissədə xeyli qol şansımız olsa da, onları boşa verdik. AZAL bu gün çox yaxşı mübarizə apardı. İnana bilmirəm ki, bu komandanın cəmi 2 xalı var. AZAL-ın müdafiəsini yarmaq çox çətin idi”.

Şahin Diniyev süni meydançalar barədə sualı belə cavablandırıb: “Ayağımızı yorğanımıza görə uzatmaqlıyıq. Bu gün elə imkan yoxdur ki, süni meydanlardan imtina edək. Amma razıyam ki, belə qazonda oynamaq çətindir. Uşaqların bu cür meydançada hazırlıq keçməsi cinayətdir. Ötən il bu stadionda 3 oyunçumuz zədələnmişdi. Bu il yenə Dario sıradan çıxdı. Futbol naminə bu meydançaları ləğv etmək lazımdır. Bizim meydançamız da ideal deyil. Roman Qriqorçukun süni meydandan şikayət etməsini anlayıram”.

Təcrübəli mütəxəssis qarşılaşmadan sonra Əliyar Ağayevlə aralarında olan dialoqdan da bəhs edib: “Ona dedim ki, deyəsən, "Roma" ilə oyundan sonra salam vermirsən. Əliyar da qayıtdı ki, ilk növbədə sizə salam verdim axı. Mənim yadımdan çıxmışdı” (gülür).

A.M.

0
14