Liviyada daha 2 azərbaycanlı həbs olundu – FOTO

Liviyada daha 2 azərbaycanlı həbs olundu – FOTO

Onların məhkəməsi bu ayın sonuna təyin edilib.

Mart ayında Liviyada həbs olunan 2 azərbaycanlının adı məlum olub.

Oxu.Az xəbər verir ki, onlardan birinin qohumu olan Qəhrəman Babayevin ANS PRESS-ə verdiyi məlumata görə, onlar “Kapitan Xəyyam” gəmisinin matrosu Neftçala rayonunun Bankə qəsəbəsinin sakini 1978-ci il təvəllüdlü Əliağa Babayev və kapitan Elinxan Bağırovdur.

Həbs olunan şəxslərdən Əliağa Babayev Azərbaycan, Elinxan Bağırov isə Ukrayna vətəndaşıdır. Əliağa Babayevin qohumunun sözlərinə görə, onun əmisi oğlu 1 ildən artıqdır ki, kapitan Elinxan Bağırovun yanına işləməyə gedib.  

Əliağa Babayev - “Kapitan Xəyyam” gəmisinin matrosu

Əliağa Babayevin qohumu bildirib ki, Liviyada həbs edilən dənizçilərin məhkəməsi aprelin 25- 26-sı tarixlərinə təyin edilib.

“Neft daşıyan gəmi əvvəl Türkiyədən Maltaya gedib. Müvafiq sənədləri hazırladıqdan sonra Liviyanın Tripoli limanına yola düşüblər. Maltaya geri dönəndə isə Tripoli limanında həbs ediliblər. Hazırda orada saxlanılırlar. Azərbaycanlıların hüquqlarını ərəb əsilli Avropa vətəndaşı qoruyur”, - deyə  Əliağa Babayevin qohumu bildirib.  

“Xəyyam Kapitan” tankeri martın 5-də həbs edilib. Türkiyənin “Saygi Denizcilik ve Elektrik” şirkətinə məxsus tanker Sierra-Leone bayrağı altında üzüb. Fevralın 13-də Tripoli limanından yola çıxan tanker Maltaya istiqamətində hərəkət edən vaxt Liviya sahil mühafizə qüvvələri onu saxlayıb. Yoxlamalar nəticəsində  tankerdə 1.7 milyon ton qaçaq yanacaq aşkar edilib.

Orada olan Türkiyə, Azərbaycan və Ukrayna vətəndaşlarından ibarət 12 heyət üzvünün hamısı saxlanılıb.

Liviya hakimiyyəti tankerdə olan yeganə qadın işçini azad edib. Ukrayna Xarici İşlər Nazirliyinin səyi ilə qadın vətəninə qayıdıb. Ukrayna Xarici İşlər Nazirliyi tankerdə olan digər vətandaşları ilə bağlı iş aparır. 

Bu, azərbaycanlıların Liviya sahillərində itkin düşməsi ilə bağlı ilk hal deyil. Bir neçə ay əvvəl Türkiyəyə  işləməyə  gedən 3 Azərbaycan vətəndaşı dənizçi itkin düşüb.  Bakı şəhər sakinləri Salamov Namik (kapitan), Əliyev Fərid (matros) və motorçu olan, adı məlum olmayan digər həmyerlimiz “Gebze Denizçilik” adlı şirkətlə əməkdaşlıq ediblər.  

Onlar şirkətə məxsus “Kalkanlar 1” adlı gəmini Liviyaya aparıb orada müəyyən şəxsə təhvil vermək barədə razılığa gəliblər.  Türkiyədən Liviya istiqamətində hərəkət edən gəmidən fevralın 21-dən sonra məlumat alınmayıb.

Uzun araşdırmalardan sonra ötən gün itkin düşən azərbaycanlı dənizçilər tapılıb. Dənizçilərin hər üçü hazırda Liviyanın paytaxtı Tripolidə Tacura prokurorluğunda dindirilir. Onlar Liviya sularına icazəsiz daxil olmaqda günahlandırılırlar.

Liviyada tapılan azərbaycanlı dənizçilər

0
16