“BOA Kollektor Agentliyi”nə idmançı görünüşlü işçi nə üçün lazımdır?

“BOA Kollektor Agentliyi”nə idmançı görünüşlü işçi nə üçün lazımdır?

Son vaxtlar əhalinin ödəmə qabiliyyətində yaranan problemlər onların banklara olan borclarının gec qaytarılması, bəzi hallarda isə kreditlər üzrə ödənişlərin, ümumiyyətlə, geri qaytarıla bilməməsi ilə nəticələnir. Belə vəziyyətdə banklar öz əməkdaşları vasitəsilə müştərilərinə təsir etməyə, verilən kreditləri və müvafiq faizləri geri almağa çalışırlar. Bankları başa düşmək olar, alınan borclar geri qaytarılmalı, geri dönən pullar yenidən kredit və sərmayələr formasında fiziki və hüquqi şəxslərə verilməlidir.

Mətbuatda kreditorlarla problemlər yaşayan bankların müştəriləri ilə nəzakətsiz davranışı, onlara hədə-qorxu gəlməsi ilə bağlı mütəmadi olaraq xəbərlər dolaşır. Kreditorlarla iş məhkəməyə gedib çıxmazdan öncə borcu almaq üçün kollektorlar cəlb olunur.

“BOA Kollektor Agentliyi” isə borcların geri alınması üçün işçi axtardığı elanda idmançı görünüşlü, orta təhsilli şəxslərə üstünlük verir. http://www.jobsearch.az/vacancies23118_en.html

Müştərilərin borc öhdəliklərinin müqavilə ilə tənzimlənməsi, bu işin sırf hüquqi məsələ olmasını nəzərə alaraq idmançı görünüşlü və orta təhsilli şəxslərə üstünlük verilməsi müştərilərə hüququn aliliyindən doğan təsirdən daha çox fiziki güc göstəriləcəyi anlamına gəlmirmi? Bu şirkət borcları hansı vasitələrlə geri alır?

Eyni zamanda “Unibank”ın “BOA Kollektor Agentliyi” ilə əməkdaşlıq etdiyi, hətta “BOA Kollektor Agentliyi”nin təsisçilərindən birinin “Unibank”ın rəhbəri Eldar Qəribovun oğlu İlkin Qəribli olduğu da bildirilir.

Yenə də suallar yaranır. Banklar, eləcə də “Unibank” kredit borcu olan şəxslərlə işini necə qurur? Hansı hallarda iş kollektor agentliklərinə yönəldilir? Kreditorlarla nəzakətsiz davranışa görə bank əməkdaşları necə cəzalandırılır? “Unibank” borcların geri alınması üçün idmançı görünüşlü işçi axtaran “BOA Kollektor Agentliyi” ilə əməkdaşlığı davam etdirəcəkmi?

Oxu.Az məsələ ilə bağlı hüquqşünas Oktay Məhərrəmova müraciət edib. Hüquqşünas qeyd etdi ki, bankların borcların yığılması üçün kollektorlara müraciət etməsi qanunla qadağan deyildir. Banklar öz problemli kredit portfellərini idarə etməkdə və borc yığımını üçüncü şəxs şirkətlərə vermək barədə biznes qərar qəbul etməkdə sərbəstdirlər. Bununla belə, qanunvericiliyimizdə kollektorların fəaliyyətini tənzimləyən xüsusi qanun olmasa da, kollektor fəaliyyəti istehlakçıların hüquqlarına və qanunvericiliyə zidd olmamalıdır.

O, eyni zamanda kollektorun borcların yığılması üçün idman cüssəli və orta təhsilli şəxsləri işə götürülməsinin birmənalı olmamasını qeyd etdi. Borc yığanın idmançı olması tələbi onun sonradan öz əmək fəaliyyətində bu bacarığından istifadə etməsi zəruriliyi ehtimalını yaradır. Qeyd etmək lazımdır ki, məhkəmə qərarlarını icra edən icra məmurları heç də həmişə idman cüssəli olmurlar və onlara qarşı belə tələb də qoyulmur. Lakin bu qanuni üsullarla məcburi icra addımlarının atılmasına mənfi təsir etmir. Borc qanun çərçivəsində yığılmalıdır. Kredit verilməsi zamanı banklar müştəri ilə müqavilə imzalayırlar. Kredit borcuna görə kollektorun hər hansı fiziki təzyiqi və ya belə təzyiq təhdidi ehtimalının özü sual doğurmalıdır. Kollektorun əməkdaşının qanundankənar fəaliyyəti özbaşınalıq olmaqla, cinayət qanunu tərəfindən qadağan edilir.

Bankların kollektorlarla işi barədə danışan Oktay Məhərrəmov bu zaman bankın öz işgüzar nüfuzuna xələl gətirə biləcək məsələləri diqqətdə saxlamalı olduğunu qeyd etdi. Banklar borcların yığılması zamanı qanuni üsullardan istifadə etməli, kollektorların da qanunauyğun fəaliyyət göstərmələrinə diqqət etməlidirlər.

Oktay Məhərrəmov borcluların hüquqlarının kollektor tərəfindən pozulması zamanı müvafiq qurumlara müraciət edərək şikayət etməli olduqlarını vurğuladı. Praktikada belə şikayətlər üzrə kollektorların qanunsuz hərəkətlərinə hüquqi qiymət verilən işlərin olduğunu da qeyd etdi.

Qeyd edək ki, bu məsələ ilə bağlı ilk məlumatı “Ölkə.az” saytı yayıb.

“Unibank” və “BOA Kollektor Agentliyi”nin mövqeyini işıqlandırmağa hazırıq. Mövzuya yenə də qayıdacağıq.

0
19