Bayram Səfərov: Pavliaşvilinin Azərbaycanda konsert proqramı ilə çıxış etməsinin əleyhinəyəm

Bayram Səfərov: Pavliaşvilinin Azərbaycanda konsert proqramı ilə çıxış etməsinin əleyhinəyəm

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl rusiyalı tanınmışlar - Timur Temirov və Soso Pavliaşvili Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək Azərbaycan Respublikası ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş ediblər.

Adı XİN-in “qara siyahı”sından çıxarılan Gürcüstan və Rusiya müğənnisi Soso Pavliaşvilinin bu ilin dekabrında Bakıda konsert verəcəyi xəbəri Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı.

Pavliaşvilinin Bakıya gəlməsinin əleyhinə olan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Oxu.Az-a müraciətində bildirib ki, “Gürcü müğənni Azərbaycan xalqından bir deyil, dəfələrlə üzr istəməlidir”.

“Bir icra rəhbəri, şuşalı, azərbaycanlı kimi Soso Pavliaşvilinin Azərbaycana gələrək konsert proqramı ilə çıxış etməsinin əleyhinəyəm. O, Azərbaycan xalqından bir dəfə deyil, dəfələrlə üzr istəməlidir.

Yaxşı olardı ki, Pavliaşvili əvvəlcə ehtiyac içində yaşayan məcburi köçkünlərimizin həyat şəraiti ilə tanış olsun və başa düşsün ki, erməni işğalçıları Azərbaycanın dinc əhalisinə hansı müsibətləri göstəriblər”, - deyə B.Səfərov bildirib.

Xatırladaq ki, Pavliaşvili 2004-cü ildə işğal altında olan Dağlıq Qarabağ ərazisində konsert proqramı ilə çıxış etmiş və bununla da Azərbaycan hökumətinin qəzəbini doğurmuşdu. Azərbaycanın Mədəniyyət və turizm nazirinin sərəncamı ilə Pavliaşvilinin bütün mahnılarının respublikanın radio və televiziyalarının efirində verilməsinə, eləcə də artistin konsert proqramı ilə çıxış etməsinə qadağa qoyulmuşdu.

Qeyd edək ki, Soso Pavliaşvili qondarma “erməni soyqırımı” ilə bağlı da dəfələrlə çıxış edərək “soyqırımın” bir daha təkrar olunmaması üçün bu haqda susmamaq, hamı tərəfindən tanınana qədər danışmaq (qışqırmaq) lazım olduğunu vurğulamışdı.

0
9