Prezidentin fəaliyyətini təmin edən orqanlarda yeni vəzifələr yaradılıb

Prezidentin fəaliyyətini təmin edən orqanlarda yeni vəzifələr yaradılıb

Azərbaycanda prezidentin fəaliyyətini təmin edən orqanların fəaliyyəti ilə bağlı dövlət qulluğunda yeni vəzifələr yaradılıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, Milli Məclisin iclasında “Dövlət qulluğu haqqında” qanunun 11.1-ci maddəsinə bununla bağlı əlavələr edilməsi müzakirə olunub.

Əlavəyə əsasən, maddənin 1-ci hissəsində (İnzibati vəzifələrin ali təsnifatı) ali vəzifə təsnifatı siyahısına “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi” də daxil edilir.

Maddənin 2-ci hissəsində (inzibati vəzifələrin birinci təsnifatı) birinci dərəcəli vəzifə təsnifatı siyahısına da Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin və onların birinci müavinləri ilə yanaşı, “orqan rəhbərlərinin müavinləri, habelə həmin orqanlarda bölmə rəhbərləri” vəzifələri də əlavə olunur.

Maddənin 3-cü hissəsində (inzibati vəzifələrin ikinci təsnifatı) ikinci dərəcəli vəzifə təsnifatı siyahısı isə dəyişdirilir. Belə ki, qüvvədə olan “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin müavinlərinin vəzifələri” təsnifatında orqan rəhbərlərinin müavinləri vəzifələri ləğv edilərək, orqanların bölmə rəhbərləri daxil edilir.

Layihədə bildirilir ki, sənəd Azərbaycan dövlət başçısının fəaliyyətini təmin edən orqanların işinin səmərəliyini təşkil etmək məqsədilə təqdim olunub.

Layihə səsverməyə çıxarılaraq təsdiqlənib.

N.O.

0
7