Azərbaycanda yüksək bal toplayan məzunların sayı artıb

Azərbaycanda yüksək bal toplayan məzunların sayı artıb

Son 3 ildə Azərbaycanda keçirilən qəbul imtahanlarında 500-dən çox bal yığan məzunların sayı 19%, 600-dən çox bal yığanların sayı isə 30% artıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov təhsil işçilərinə mükafatların təqdim olunması mərasimində bildirib ki, 2012-ci ilin buraxılış imtahanlarında şagirdlərin 50%-i müsbət qiymət alırdısa, 2016-cı ildə bu göstərici 67% təşkil edib.

Nazir vurğulayıb ki, əgər hər bir sinifdə 3 şagirddən biri uğurla buraxılış imtahanından keçirdisə, bu il 3 şagirddən ikisi yaxşı nəticə əldə edib.

“Amma biz təhsil sisteminin fəaliyyəti və keyfiyyəti yalnız buraxılış imtahanlarında əldə edilən nəticələrlə ölçmək istəmirik. Hər bir təhsil müəssisəsinin gücü orada çalışan müəllimlərin gücü ilə ölçülür. Son illər təhsil sahəsində əldə edilən uğurlarda müəllimlərin danılmaz və aparıcı rolu var. Təhsil sisteminin gücü, bu sahəyə ayrılan diqqət, bu işə resursların yönəldilməsi və digər səbəblər bizim üçün imkan verir ki, gələcək fəaliyyətdə daha yüksək nəticələrə nail olaq”.

E.Ə.

0
6