Səhiyyə Nazirliyindən əczaçılıq firmalarına xəbərdarlıq

Səhiyyə Nazirliyindən əczaçılıq firmalarına xəbərdarlıq

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi əczaçılıq firmalarına xəbərdarlıq edib. Onlara dərmanların içliklərinin Azərbaycan dilində yazılması üçün tapşırıqlar verilib.

Bu barədə nazirlikdən Oxu.Az-a bildirilib.

“Mərkəzin əsas vəzifələrindən biri əhalinin keyfiyyətli, effektiv və səmərəli dərman vasitələri ilə təminatına nəzarət etməkdir. Respublikanın ərazisinə idxal olunan dərman vasitələrinin istifadə təlimatının (içlik vərəqəsi) Azərbaycan dilində olması tələbi irəli sürülüb.

Analitik Ekspertiza Mərkəzi dərman vasitələri ilə davranışın hüquqi və təşkilati əsaslarının müəyyən edilməsi və bu sahədə münasibətlərin tənzimlənməsində Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” 22 dekabr 2006-cı il tarixli qanuna əsaslanır.

Həmin qanunda istifadə təlimatının (içlik) Azərbaycan dilində olması zəruriliyi öz əksini tapır. İstifadə təlimatı istehlakçının dərman vasitəsindən düzgün istifadə etməsi üçün zəruri məlumatları özündə əks etdirən mühüm vasitədir.

Dərman vasitəsinin düzgün istifadə edilməsi onun müalicəvi effektini təmin edən əsas şərtlərdən biridir. Həmçinin, istifadə təlimatı dərman vasitələrinin əlavə təsirlərinin izlənilməsi, farmakonəzarətin həyata keçirilməsində əhəmiyyətli rola malikdir.

Analitik Ekspertiza Mərkəzinin rəhbərliyi və məsul şəxsləri dəfələrlə əlaqədar dövlət qurumlarını, əczaçılıq topdan və pərakəndə satış müəssisələrini, dərman vasitələri istehsalçılarının nümayəndəliklərini, həmçinin əhalini sözügedən sahədə baş verən yeniliklər barədə məlumatlandırıb, onlarla fikir mübadiləsi aparıb, lazımı xəbərdarlıqlar edib”, - deyə nazirlikdən bildirilib.

U.A.

0
11