XİN: Uşakovun Qarabağ münaqişəsi ilə bağlı açıqlaması təəssüf doğurur

XİN: Uşakovun Qarabağ münaqişəsi ilə bağlı açıqlaması təəssüf doğurur

“Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlaması təəccüb və təəssüf doğurur”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Y.Uşakov tərəfindən səsləndirilən bu açıqlama prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna və ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində status-kvonun qəbuledilməzliyi və qeyri-davamlılığı haqqında dəfələrlə verdikləri bəyanatlara ziddiyyət təşkil edir.

“Həmçinin, bu açıqlama Rusiyanın xarici işlər naziri S.Lavrovun regiona intensiv səfərləri əsnasında münaqişənin həlli ilə əlaqədar aparılmış detallı müzakirələrə uyğun gəlmir. Azərbaycan dəfələrlə bəyan edib ki, Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həlli üzrə substantiv danışıqların tərəfdarıdır. Substantiv danışıqlar qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını təmin etməlidir”, - deyə XİN sözçüsü bildirib.

H.Hacıyev vurğulayıb ki, Azərbaycanın suveren ərazilərinin Ermənistanın hərbi işğalı altında qalması qəbuledilməzdir:

“Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini təmin edəcək”.

N.O.

0
9