Bakıda ana iki körpə uşaqla küçələrdə yaşayır – FOTO

Bakıda ana iki körpə uşaqla küçələrdə yaşayır – FOTO

“Biz ona kömək edə bilərik”.

Bakıda ana iki körpə uşağı ilə küçələrdə yaşayır.

Oxu.Az xəbər verir ki, dilənçiliklə məşğul olan Zəhranın virtualaz.org-a bildirdiyinə görə, yazığı gələnlərin qəpik-quruşu ilə uşaqlarına yavan çörəyi güclə alır.

Bir müddət “Təmiz Dünya” İctimai Birliyinə məxsus sığınacaqda yaşayan qadının sözlərinə görə, uşağının başına bit düşdüyündən onu sığınacaqdan çıxarıblar.

“Sığınacaqdan çıxanda birinci uşağım Allahverdi 6 aylıq idi. Hazırda iki yaşı var. Elə o vaxtdan küçələrdəyik. Balaca Hüseynin isə 1 yaşı təzə olub. İndi Sabunçu vağzalında yaşayırıq. Buna yaşamaq demək olarsa. Dilənirəm, kimin yazığı gəlir, qəpik-quruş verir. Gündəlik yeməyə quru çörəyimizi tapsaq sevinirik. Evimiz-eşiyimiz yoxdur, vaqonda yaşayırıq”.

7 nömrəli internatı bitirdiyini deyən Zəhranın sözlərinə görə, əri oğurluq üstündə həbs olunduğundan kömək edəcək kimsəsi yoxdur.

Ailənin vəziyyəti o qədər acınacaqlıdır ki, hətta yaşadığı yerdə paltar yumağa su, sabun belə tapa bilmir:

“Çox ağır vəziyyətdə dolanırıq. Olur ki, günlərlə yeməyə ancaq yavan çörəyimiz və suyumuz olur. Hətta kiminsə verdiyi paltarı da bir neçə ay geyinib sonra tullayıram. Çünki yumağa nə su var, nə də sabun”, - deyə Zəhra bildirib.

“Təmiz Dünya” İctimai Birliyinin eksperti Yaqut Məmmədyarova “28 May” metro stansiyasının yaxınlığında dilənən qadının Birlik haqqında dediklərini təkzib edib.

Onun bildirdiyinə görə, bu qadının əsl adı Zəhra deyil, Aidadır və onu sığınacaqdan heç kim çıxarmayıb:

“Bizim sığınacaqdan heç kimi bitə görə çıxarmırlar. Burada çoxunda bit var, dərman almaqdan yorulmuşuq. Aida yalan danışır, o özü sığınacaqdan çıxıb gedib. Əri var və həbsdə deyil. Biz bu qadını küçələrdə dilənən görəndə sığınacağa qaytarmaq istədik. 

Amma dedi ki, əri onu dilənməyə məcbur edir və pul tələb edir. Həm də bildirdi ki, artıq bu həyatı qəbul edib. Əvvəllər “İçərişəhər” metro stansiyasının yaxınlığında dilənirdi, əməkdaşlarımız görüb sığınacağa gətirdilər. İndi də “28 May” metrosunun ətrafını seçib. Nə vaxt həqiqətən dilənçilikdən əl çəkib kömək istəsə, biz ona kömək edə bilərik”.

0
10