“Made in Azerbaijan” brendi ilə məhsullarımız bu ölkələrdə satışa çıxarılacaq – SİYAHI

“Made in Azerbaijan” brendi ilə məhsullarımız bu ölkələrdə satışa çıxarılacaq – SİYAHI

“Hazırda ixrac missiyalarının təşkil olunacağı xarici ölkələr, ölkə stendinin təqdim olunacağı beynəlxalq sərgi və yarmarkalar müəyyənləşdirilir, “Made in Azerbaijan” brendinin təbliğ olunacağı məhsullara və həmin məhsulların təqdim ediləcəyi mağazalar şəbəkəsinə dair araşdırmalar aparılır. Bu sahədə müvafiq qaydalar və meyarlar hazırlanır”.

Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Şahin Mustafayev kollegiya iclasında deyib.

“İlkin olaraq İstanbul, Moskva, Frankfurt, Dubay və digər iri hava limanlarındakı “Duty Free” mağazalarında, Rusiyanın tanınmış mağazalar şəbəkələrində “Made in Azerbaijan” rəflərinin yaradılması və Azərbaycan şərablarının, mürəbbə, bal, xalça, kəlağayı və s. kimi məhsulların təqdim olunması təklif edilir.

Xarici ölkələrin ictimai yerlərində və KİV-lərində “Made in Azerbaijan” brendi ilə Azərbaycan meyvələrinin, şərab və şirələrinin, eləcə də xalçalarının təbliğ olunması planlaşdırılır”, - deyə nazir bəyan edib.

Kollegiyada AZPROMO-ya ABŞ-ın prestijli mağazalarında “Made in Azerbaijan” brendi ilə Azərbaycan məhsullarının satışına dəstək göstərilməsi tapşırılıb.

Eyni zamanda, iclasda ənənəvi bazarlarda fəaliyyətin gücləndirilməsi, yeni bazarların araşdırılması, ixracı təşviq olunan məhsulların nomenklaturunun genişləndirilməsi, bal, meyvə-tərəvəz, nar və s. üzrə assosiasiyaların yaradılmasının dəstəklənməsi, oktyabr ayında İxrac Konfransının təşkili barədə nazirliyin struktur bölmələrinə tapşırıqlar verilib.

U.A.

0
11