Bakıda satılan kolbasada at əti aşkarlandı – FOTO

Bakıda satılan kolbasada at əti aşkarlandı – FOTO

Komitə məlumat yaydı.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında orqanoleptik göstəricilərində əsaslı şübhələr olan “Delikat” və “Nur” əmtəə nişanlı kolbasa məmulatları aşkar edilib.

Bu barədə Komitədən Oxu.Az-a bildirilib. 

Belə ki, bazarın ərazisində fəaliyyət göstərən fiziki şəxs Süleymanov Vüqar Tofiq oğluna məxsus ərzaq mağazasında satılan, markalanmasında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mikayıl Əliyev küçəsi 3 ünvanında fiziki şəxs V. Həsənov tərəfindən istehsal olunduğu qeyd olunan “Delikat” əmtəə nişanlı bişmiş hisə verilmiş kolbasanın qlafının alt hissəsində standarta uyğun olmayan iri qara ləkələr, eyni zamanda xarab olma əlamətləri, həmcins olmayan konsistensiya, ağ qatı məhlulun müxtəlif sahələrində topa halında yığılması kimi məhsula xas olmayan əlamətlər müəyyən olunub.

Həmin bazarın ərazisində səyyar şəkildə taxta altlıqlar üzərinə qoyularaq saxlanılma rejiminə riayət olunmadan satışı həyata keçirilən, markalanmasında Bakı şəhəri, Xəzər rayonu, Şimal Dress Kooperativ küç. 31 ünvanında fiziki şəxs Həsənov tərəfindən istehsal olunduğu qeyd olunan “Nur” əmtəə nişanlı bişmiş hisə verilmiş kolbasa məhsullarının da keyfiyyəti ilə bağlı şübhələr yaranıb.
 
Adıçəkilən məhsul nümunələrinin keyfiyyət və təhlükəsizliyinin yoxlanılması məqsədilə komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) qida laboratoriyasında sınaqları aparılıb.

Sınaq nəticələrinə əsasən hər iki məhsulun at ətindən hazırlandığı, təhlükəsizlik göstəricilərinə görə standartın tələblərinə cavab vermədiyi müəyyən olunub. Araşdırmalar davam etdirilir. Faktla bağlı hüquqi qiymət verilməsi üçün toplanmış materiallar aidiyyatı orqanlara göndərilib.

0
22