Bakıda “Məktəb seminarları” layihəsinə start veriləcək

Bakıda “Məktəb seminarları” layihəsinə start veriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 2016-2017-ci tədris ili üzrə fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında reallaşdıracaq.

İdarədən Oxu.Az-a verilən məlumata görə, oktyabrın 19-da BŞTİ “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsinə start verəcək.

Paytaxtın ümumi təhsil məktəblərini əhatə edən “Məktəb seminarları” layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması, habelə məktəblərin “öyrənən məktəb - öyrənən təşkilat” kimi inkişaf etdirilməsinə dair mövzularda seminarlar keçirmək və bu kimi digər vacib dəyərləri təbliğ etməkdən ibarətdir.

“Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Səmərəli məktəb yaradaq” təşəbbüsü çərçivəsində “Məktəb seminarları”, “Oxu marafonu”, “Qlobal yazı”, “Beynəlxalq əməkdaşlıq”, “75 məktəb”, “Qlobal vətəndaşlıq”, “Məktəb idarəetməsinin dəstəklənməsi”, “Kitabxana dərsləri” və digər silsilə layihələr həyata keçiriləcək.

Layihədə Bakı şəhərinin 12 inzibati rayonu daxil olmaqla bütün məktəblərin direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, məktəb icmaları və valideyn komitələrinin rəhbərləri, yuxarı sinif şagirdləri, habelə metodbirləşmə rəhbəri və qabaqcıl müəllimlər iştirak edəcək.

İlk olaraq layihənin icrasına Pirallahı rayonunda yerləşən 186 nömrəli tam orta məktəbdə başlanılacaq.

Qeyd edək ki, “Məktəb seminarları” layihəsi 2015-2016-cı tədris ilində təhsildə uğurlu nəticələr əldə edən məktəblərin nailiyyətlərinin müzakirəsi və idarəetmə istiqamətində mövcud olan uğurlu təcrübənin bölüşdürülməsi məqsədilə həyata keçirilən “Nəzəriyyədən təcrübəyə” adlı “Açıq qapı” layihəsinin davamıdır. Layihənin ikinci ilində məqsəd təhsildəki keyfiyyət artımının daha da dayanıqlı olması, “keyfiyyətli təhsil vermə”, “xoşbəxt şagird - keyfiyyətin ən vacib göstəricisi” kimi amilləri əsas götürməklə səmərəli məktəb ideyasının bir dəyərə, ənənəyə çevrilməsini təmin etməkdir.

E.Ə.

0
7