“Made in Azerbaijan” brendi ilə hansı məhsulumuz xarici bazara çıxarılacaq?

“Made in Azerbaijan” brendi ilə hansı məhsulumuz xarici bazara çıxarılacaq?

“Son illər ərzində tikinti materiallarının istehsalı sahəsində istehsal gücümüz kifayət qədər artıb və bu məhsulların ixracı üçün geniş imkanlar mövcuddur.

Hazırda bu kimi bir sıra məhsulların ixrac mövqeyini təmin etmək və daha da artırmaq üzrə işlər aparılır. Digər tərəfdən xidmətlər sahəsində böyük potensial var və biz Azərbaycan daxilində təklif olunan xidmətləri dünya bazarına çıxarmaqda maraqlıyıq.

Tikinti, informasiya texnologiyaları, nəqliyyat və turizm sektorlarında təklif olunan xidmətlər üzrə effektiv fəaliyyət göstərən şirkətlər klasteri onu deməyə imkan verir ki, bu təşəbbüslə çıxış etmək üçün bizim imkanlarımız kifayət qədər yaxşıdır”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı “Qafqazinfo”nun suallarını cavablandırarkən deyib.

“Bir gün ərzində ixracı dəfələrlə qaldırmaq mümkün deyil. Bu mexanizmlərə kompleks tədbirlərin bir hissəsi kimi baxmaq lazımdır. İxrac kifayət qədər mürəkkəb prosesdir. Buraya istehsal, daxili bazarın ehtiyaclarının ödənilməsi, keyfiyyət, kəmiyyət kimi məsələlər daxildir.

Eyni zamanda xarici bazarlarda iqtisadi durum, müştərilərin alıcılıq qabiliyyəti, tələbatın dəyişməsi kimi xarici amillər ixraca təsir göstərir. Hesab edirəm ki, təqribən 1-2 il ərzində biz qeyri-neft ixracının mühüm artım templərini görə biləcəyik.

Qeyri-neft məhsullarının ixracı, eyni zamanda həmin məhsulların istehsalının genişləndirilməsinə daha da stimul verəcək və qeyri-neft sektorunun ümumdaxili məhsulda yeri daha da möhkəmlənəcək”, - deyə R.Məmmədov bildirib.

O, həmçinin məhsulların xaricdə tanıdılması zamanı istifadə olunacaq vasitələrdən də söz açıb:

“Məhsulların xarici bazarlarda tanıdılması üçün müxtəlif tədbirlərin təşkili - ixrac missiyaları, mötəbər beynəlxalq sərgilərdə həm vahid stend adı altında, eyni zamanda fərdi şəkildə iştirak - mexanizmlərdə öz əksini tapır.

Eyni zamanda, bu məqsədlə reklam kampaniyalarının təşkili planlaşdırılır. Azərbaycan məhsullarının xarici ölkələrin mağaza şəbəkələrinə, “Duty free” rəflərinə çıxışını təmin etmək də vacib amil kimi göstərilir. Bu kompleks dəstək mexanizmləri Azərbaycan məhsullarının dünya bazarında tanınma arealının genişlənməsi istiqamətində effektiv rol oynayacaq”.

U.A.

0
5