"Duty Free" mağazalarında Azərbaycan rəfləri yaradılacaq

"Duty Free" mağazalarında Azərbaycan rəfləri yaradılacaq

Bu gün İqtisadiyyat Nazirliyində kollegiya iclası keçirilib. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda çıxış edən nazir Şahin Mustafayev bildirib ki, idxaldan asılılığın azaldılması və qeyri-neft məhsullarının ixracının genişləndirilməsinin dövlət başçısının sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən olduğu bir daha vurğulanıb. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq Fərman və Sərəncamından irəli gələn tapşırıqların icrası istiqamətində tədbirlər davam etdirilir.

Kollegiya iclasında Azərbaycan Respublikası Prezidentinin "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq edilməsi haqqında" 5 oktyabr 2016-cı il tarixli Fərmanından irəli gələn vəzifələrin icrası ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, hazırda ixrac missiyalarının təşkil olunacağı xarici ölkələr, ölkə stendinin təqdim olunacağı beynəlxalq sərgi və yarmarkalar müəyyənləşdirilir, "Made in Azerbaijan" brendinin təbliğ olunacağı məhsullara və həmin məhsulların təqdim ediləcəyi mağazalar şəbəkəsinə dair araşdırmalar aparılır, bu sahədə müvafiq qaydalar və meyarlar hazırlanır. İlkin olaraq, İstanbul, Moskva, Frankfurt, Dubay və digər iri hava limanlarındakı "Duty Free" mağazalarında, Rusiyanın tanınmış mağazalar şəbəkələrində "Made in Azerbaijan" rəflərinin yaradılması və Azərbaycan şərablarının, mürəbbə, bal, xalça, kələğayi və s. kimi məhsulların təqdim olunması təklif edilir. Xarici ölkələrin ictimai yerlərində və KİV-lərində "Made in Azerbaijan" brendi ilə Azərbaycan meyvələrinin, şərab və şirələrinin, eləcə də xalçalarının təbliğ olunması planlaşdırılır.

Bununla yanaşı, 2016-cı ildə Çin və Birləşmiş Ərəb Əmirliklərinə, gələn ilin əvvəlində isə Almaniyada keçiriləcək "Yaşıl həftə" sərgisinə təşkil olunacaq ixrac missiyalarına dair hazırlıq işləri aparılır. Bundan başqa, Avropa İttifaqı, Rusiya və ərəb ölkələrinə kənd təsərrüfatı və sənaye məhsullarının ixracı üçün bazar araşdırmalarına başlanılacaq.

Eyni zamanda, ixrac məlumat bazasının (elektron portal) yaradılması üçün işlər davam etdirilir. Artıq elektron portal test rejimində fəaliyyət göstərir.

Nazir Şahin Mustafayev dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsinə dair müsabiqənin təşkili və keçirilməsi, bazar araşdırmasını və tədqiqat-inkişaf proqramlarını həyata keçirəcək ixtisaslaşmış yerli və ya xarici hüquqi və ya fiziki şəxslərin seçilməsi ilə bağlı müsabiqələrin təşkili və keçirilməsi qaydalarının, ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi, beynəlxalq sərgi və yarmarkalarda iştirak meyarlarının bir ay müddətinə hazırlanması barədə Nazirliyin aidiyyəti struktur bölmələrinə göstərişlər verib. Bundan başqa, bir ay müddətində "Made in Azerbaijan" rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının ("duty free") siyahısı müəyyənləşdiriləcək, "Made in Azerbaijan" brendi təşviq ediləcək xarici ölkələr, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlər və kütləvi informasiya vasitələrinin seçilməsi, tədqiqat-inkişaf proqramlarının təşkili ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi meyarları hazırlanacaq. Kollegiyada AZPROMO-ya ABŞ-ın prestijli mağazalarında "Made in Azerbaijan" brendi ilə Azərbaycan məhsullarının satışına dəstək göstərilməsi tapşırılıb.

Eyni zamanda, ənənəvi bazarlarda fəaliyyətin gücləndirilməsi, yeni bazarların araşdırılması, ixracı təşviq olunan məhsulların nomenklaturunun genişləndirilməsi, bal, meyvə-tərəvəz, nar və s. üzrə assosiasiyaların yaradılmasının dəstəklənməsi, oktyabr ayında İxrac Konfransının təşkili barədə Nazirliyin struktur bölmələrinə tapşırıqlar verilib.

0
8