Hacı Nuran: Səhər ayılanda gözlərim görmürdü

Hacı Nuran: Səhər ayılanda gözlərim görmürdü

ARB TV-nin “Gəlin danışaq” verilişində bu dəfə xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Hacı Nuran Hüseynov qonaq olub.

Oxu.Az-ın axşam.az-a istinadla məlumatına görə, aparıcı xəstəliyinin səbəblərindən danışıb:

“8 ay anam xəstə yatdı. Vəfat etdikdən sonra onun 40 mərasimindən 3 gün keçmişdi ki, özümü pis hiss etməyə başladım. Valideynlərimin vəfat etməsi dalbadal oldu. Stress, əsəb məni yordu. Moskvaya çəkilişə getmişdik. Səhər ayılanda gözlərim görmürdü. Orada 1 aya yaxın müalicə aldım. Bir müddət sonra isə halsızlaşdım. Yüksək hərarətimin olmasından sonra həkimə müraciət etdim. Müayinədən keçdikdən sonra bəlli oldu ki, xərçəngəm.

İlk dəfə öyrənəndə adam tutulur, amma öyrəşirsən. Daha sonra müalicələr üçün Türkiyəyə üz tutdum. Elə oradaca Moskvadakı səfirimiz Polad Bülbüloğlu mənə zəng edib öz yanına çağırdı və orada müalicə almama kömək etdi. Özümü heç vaxt xəstə kimi göstərməmişəm. İstəməmişəm ki, kiminsə mənə yazığı gəlsin”.

Aparıcı siqaret çəkməməsinin, içki içməməsinin müalicəsinə müsbət təsir göstərdiyini bildirib:

“Hər zaman sağlam mühitdə böyüməyə üstünlük vermişəm. Spirtli içkilərdən, siqaretdən uzaq olmuşam. Həkim də dedi ki, yaxşı ki, istifadə etməmisən. Çünki müalicədə bu özünü göstərirdi”.

A.S.

0
8