Mədəniyyət xadimlərimizdən Pavliaşvilinin Bakıda konsert verməsi xəbərinə reaksiya

Mədəniyyət xadimlərimizdən Pavliaşvilinin Bakıda konsert verməsi xəbərinə reaksiya

Xəbər verdiyimiz kimi, adı Azərbaycanın “qara siyahı”sından çıxarılmış Gürcüstan və Rusiya müğənnisi Soso Pavliaşvili bu ilin dekabrında Bakıda konsert verməyə hazırlaşır. Bu xəbər media nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, sosial şəbəkə istifadəçiləri, ümumiyyətlə, cəmiyyət tərəfindən birmənalı qarşılanmadı.

Məsələ ilə əlaqədar Oxu.Az-ın əməkdaşı Xalq artist, Dövlət mükafatı laureatı, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ilə əlaqə saxladı.

Xalq artsiti maraqlı təkliflə çıxış etdi:

“Soso Pavliaşvili Bakıya gələn kimi, birinci növbədə, məcburi köçkünlərlə görüşüb, onlara xeyriyyə konserti verməlidir.

Estrada müğənnilərinin əksəriyyəti bisavaddırlar. Onlara Qarabağın bizim üçün nə olduğunu öyrətmək lazımdır. 20-ci illərdə olduğu kimi, onlara “likbez” keçirtmək lazımdır.

Əgər o, buraya konsert verməyə gəlirsə, onu ermənilərin xalqımızın başına gətirdiyi faciə barəsində məlumatlandırmaq lazımdır. O, məcburi köçkün və qaçqınların gözlərinə baxsın ki, həmin acını orada görə bilsin. Anlasın ki, böyük səhvə yol verib.

Onun ölkəyə buraxılması və ya buraxılmamsı isə Xarici İşlər Nazirliyinin səlahiyyətindədir. Mən onların işinə müdaxilə etmək istəmirəm.

Təklif edirəm ki, bu konserti təşkil edənlər mütləq həmin müğənnini məcbur kökün və qaçqınlarla görüşdürsünlər. Qoy bilsin ki, onun Bakıya gəlişi niyə belə emosional qarşılanır”.

“Qarabağ” muğam üçlüyü - Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov da sözügedən mövzuya biganə qalmayaraq münasibət bildirdilər.

Elçin Həşimov muğam üçlüyünün adından çıxış edərək S.Pavliaşvilinin Azərbaycan xalqından üzr istəməli olduğunu söylədi:

“Hər üçümüz Azərbaycanın Qarabağ bölgəsindənik. Qarabağ bizim əbədi, əzəli dədə-baba torpağımızdır. Soso Pavliaşvili Azərbaycanda yayımlanan mədəniyyət verilişlərindən birində çıxış edib, xalqımızdan üzr istəməlidir. Hər kəs bizim qanunlarımıza hörmət etməlidir”.

Aytən Sadıqzadə

0
14