Səməd Vurğunun “Biblioqrafiya” kitabı və elektron məlumat bazasının təqdimatı – FOTO

Səməd Vurğunun “Biblioqrafiya” kitabı və elektron məlumat bazasının təqdimatı – FOTO

Oktyabrın 11-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Səməd Vurğun. Biblioqrafiya” kitabının və “Azərbaycan Xalq şairi Səməd Vurğun” elektron məlumat bazasının təqdimatı keçirilib. Biblioqrafiya Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasında işıq üzü görüb.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri giriş sözü ilə açaraq bildirib ki, bu il görkəmli şairin 110 illiyi ilə əlaqədar müxtəlif səviyyələrdə yubiley tədbirləri keçirilir. Tədqim olunan kitab və elektron toplu da kitabxananın yubileyə töhfəsidir.

“Səməd Vurğun. Biblioqrafiya” kitabına ön sözünün müəllifi, millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov Azərbaycan Milli Kitabxanası tərəfindən tərtib edilən nəşrin əhəmiyyətindən danışıb.

Tarixçi-tədqiqatçı Şəmistan Nəzərli qeyd edib ki, Azərbaycan poeziyasında azərbaycançılıq ideallarının ilk dəfə bütün genişliyi ilə təzahür etdiyi kontekst Xalq şairi Səməd Vurğunun yaradıcılığıdır.

Tədbirdə “Azərbaycan Xalq şairi Səməd Vurğun” elektron məlumat bazası da təqdim olunub. İştirakçıları şairin həyat və yaradıcılığını əks etdirən “Səməd Vurğun-110” adlı sərgi ilə də tanış olublar.

A.S.

0
10