OPEK-in baş katibi: Neftin qiymətləri tarixi rekord səviyyəyə çatacaq

OPEK-in baş katibi: Neftin qiymətləri tarixi rekord səviyyəyə çatacaq

“Neft qiymətlərinin kəskin azalması fonunda son üç ildə OPEK ölkələrinin gəlirləri gözləniləndən 1 trilyon dollar az olub”.

Oxu.Az-ın məlumatına görə, Report Rusiyanın “Vesti” nəşrinə istinadən yazır ki, bu barədə OPEK-in baş katibi Məhəmməd Barkindo bildirib.

O, Beynəlxalq Valyuta Fondu (İMF) və Dünya Bankının Vaşinqtonda keçirilən birgə illik toplantısında bildirib ki, 2015-ci ildə neft sənayesinə investisiyalar 26% azalıb, bu il isə proqnozlara əsasən daha 22%-lik azalma gözlənilir.

OPEK katibi 2017-ci il üçün də investisiya gözləntilərinin arzu edilən səviyyədə olmayacağını qeyd edib. O, Vaşinqtondakı iclasda dünyanın əsas maliyyə qurumlarının neft bazarında sabitliyin nə zaman bərpa olunacağını bilmədiklərini xatırladıb.

Digər tərəfdən M.Barkindo dünya neft istehlakının uzun illərdir artmağa davam etdiyini və bu trendin dəyişməyəcəyini bildirib. Onun sözlərinə görə, investisiya qıtlığı müəyyən dövrdən sonra neft təklifində kəsirin yaranmasına yol açacaq, bu da öz növbəsində neft qiymətlərinin yeni tarixi rekord qiymətlərə doğru irəliləməsinə səbəb olacaq.

U.A.

0
10