Özəlləşdirmə ilə bağlı hərracın nəticələri açıqlandı

Özəlləşdirmə ilə bağlı hərracın nəticələri açıqlandı

Dövlət büdcəsinə 1 milyon manatdan çox gəlir gələcək.Bu gün dövlət əmlakının özəlləşdirilməsi üzrə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərrac keçirilib.

Oxu.Az-a komitədən verilən məlumata görə, açıq hərracda səhmdar cəmiyyətləri, nəqliyyat vasitələri, kiçik dövlət müəssisə və obyektlərin satışı həyata keçirilib.

Hərracın nəticəsində 35 dövlət əmlakı özəlləşdirilib və beləliklə, özəlləşdirmədən dövlət büdcəsinə 1 milyon manatdan çox gəlir gələcək. Hərracda Sumqayıtda yerləşən emalatxana, Nəsimi rayonundakı beş mərtəbəli binanın 16,5 kv.m-lik zirzəmisi, eyni binanın 24,8 kv.m-lik zirzəmisi, Xətai rayonunda yerləşən 9 mərtəbəli binanın 37,8 kv.m-lik zirzəmisi hərrac vasitəsilə əldə olundu.

Bundan başqa, hərracda iki səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30% hissəsi, 20 kiçik dövlət müəssisə və obyekti və 13 nəqliyyat vasitəsi özəlləşdirilib. Daha iki satılan səhmdar cəmiyyətləri - “Saxsı qablar” ASC və “Beyləqan dəmir beton” ASC-dir. Özəlləşdirilmədən sonra qoyulacaq investisiya sayəsində onların fəaliyyətinin müasir tələblər əsasında bərpası mümkün olacaq.

Özəlləşdirilən kiçik obyektlər və qeyri-yaşayış sahələrinin 14-ü paytaxtda, 6-sı isə Azərbaycanın digər şəhərlərində (Sumqayıt, Mingəçevir, Şəki və Gəncə) yerləşir. Kiçik dövlət əmlakları ticarət, ictimai iaşə, xidmət və digər sahələrə aid olub.

Növbəti hərrac oktyabrın 25-də keçiriləcək və 84 dövlət əmlakı satışa çıxarılacaq.

Xatırladaq ki, hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayət edir. Bundan sonra iştirakçı statusu qazanan vətəndaş hərracda qalib olaraq əmlak sahibi ola bilir.

U.A.

0
7