35 dövlət əmlakı özəlləşdirildi

35 dövlət əmlakı özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 oktyabrda dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Komitədən Lent.az-a verilən məlumata görə, istənilən vətəndaşın, yerli və xarici investorların məhdudiyyətsiz iştirak etdiyi açıq hərracda səhmdar cəmiyyətləri, kiçik dövlət müəssisə və obyektlərin, eləcə də nəqliyyat vasitələrinin satışı baş tutub. Bu dəfəki hərrac zamanı ümumilikdə 35 dövlət əmlakı özəlləşdirilib.

Bildirək ki, bu hərracın nəticələrinə görə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 1 milyon manatdan çox vəsait köçürüləcək.

Məlumata görə, hərrac rəqabət şəraitində keçməsi ilə yadda qalıb. Belə ki, 5 kiçik dövlət müəssisə və obyektinin satışı üzrə bir əmlaka bir neçə sifariş verilməsi səbəbindən hərrac rəqabətli olub. Bu əmlaklar Bakının Nəsimi, Xətai rayonlarında və Sumqayıt şəhərində yerləşən istifadəsiz qeyri-yaşayış sahəsi və obyektlərdir. Belə ki, Sumqayıt şəhərində yerləşən emalatxana və Bakının Nəsimi rayonundakı 5 mərtəbəli binanın zirzəmisi (16,5 kv.m) üçün 2 sifarişçi qeydə alınıb. Nəsimi rayonundakı eyni binanın 24,8 kv.m-lik zirzəmisi üçün 3 sifarişçi, 40,2 kv.m-lik digər zirzəmiyə isə 2 sifarişçi özəlləşdirmək üçün iddialı olub. Digər 2 sifarişçi isə Xətai rayonunda yerləşən 9 mərtəbəli binanın 37,8 kv.m-lik zirzəmisini hərrac vasitəsilə əldə etmək üçün elektron sifariş verib.

Rəqabətli hərraclar bir daha onu göstərir ki, vətəndaşlar və potensial investorlar belə hərraclarda iştirak etməyə maraqlıdır.

Hərracda 2 səhmdar cəmiyyətin nəzarət səhm paketinin 30%-lik hissəsi, 20 kiçik dövlət müəssisə və obyekti və 13 nəqliyyat vasitəsi özəlləşdirilib. Satılmış səhmdar cəmiyyətləri istehsal sahəsinə aid olan “Saxsı qablar” ASC və “Beyləqan Dəmir beton” ASC-dir. Belə müəssisələrin özəlləşdirilməsindən sonra qoyulacaq investisiya sayəsində onların fəaliyyətinin müasir tələblər əsasında bərpası mümkün olacaq.

Özəlləşdirilmiş kiçik obyektlər və qeyri-yaşayış sahələrinin 14-ü paytaxtda, 6-sı isə respublikanın digər şəhərlərində (Sumqayıt, Mingəçevir, Şəki və Gəncə) yerləşir. Kiçik dövlət əmlakları ticarət, ictimai iaşə, xidmət və digər sahələrə aid olub.

Xatırladaq ki, növbəti belə hərrac 25 oktyabrda keçiriləcək və 84 dövlət əmlakı satışa çıxarılıb.

0
9