Fond rəhbəri “Bank Standard”ın əmanətçilərini sakit olmağa çağırdı

Fond rəhbəri “Bank Standard”ın əmanətçilərini sakit olmağa çağırdı

“Bütün qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi həyata keçiriləcək”.“Bu gün, yəni oktyabr ayının 11-də saat 9:00-dan etibarən lisenziyası ləğv edilmiş “Bank Standard”da qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə başlanılıb”.

Oxu.Az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondunun (ADİF) rəhbəri Azad Cavadov Fins.az-a bildirib ki, dollarla olan əmanətlər dollarla, avro ilə yatırılan pullar avro ilə, manatla qoyulan vəsaitlər isə manatla qaytarılır. Əgər əmanətlər multivalyuta şəklindədirsə, vəsaitlər manatla ödəniləcək.

Bank oktyabr ayının 4-də bağlandığı üçün əmanətlər həmin günün rəsmi məzənnəsinə uyğun olaraq ödənilir. Yeri gəlmişkən, əmanət müraciət edənlərin çox olacağı nəzərə alınaraq əmanətlərin qaytarılmasına, əvvəlcədən elan edildiyi kimi, saat 10-dan deyil, saat 9-dan başlanılıb.

Fondun rəhbəri əlavə edib ki, bir saat müddətində artıq 30 nəfər qəbul edilib:

“Amma buna baxmayaraq, bankın ətrafında əmanətçilərin sıxılığı yaranıb. Hamı bankdan əmanətlərini almağa tələsir. Hazırda 100-dən çox insan növbəyə düzülüb”.

A.Cavadov əmanətçiləri sakit olmağa çağırıb. O bildirib ki, bütün qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi həyata keçiriləcək.

U.A.

0
13