Goranboyda erməni qəbiristanlığında silah-sursat tapılıb

Goranboyda erməni qəbiristanlığında silah-sursat tapılıb

Goranboy rayonunda ermənilərə məxsus silah-sursat aşkar edilib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayonunun əvvəllər ermənilər yaşayan Ağcakənd kəndində erməni qəbiristanlığında silah-sursatın olması ilə bağlı anonim zəng daxil olub.

Bundan sonra hüquq-mühafizə orqanının əməkdaşları əraziyə baxış keçiriblər. Meşəlik ərazidə araşdırma zamanı torpağa basdırılmış müxtəlif növ silah-sursatlar aşkar edilib.

Silahların Qarabağ müharibəsi dönəmində əraziyə ermənilər tərəfindən basdırıldığı ehtimal olunur. Ərazidən 2 ədəd avtomat, 1 ədəd naqan, 2 ədəd of tüfəngi, əl qumbarası, avtomat darağı, o cümlədən müxtəlif çaplı güllələr aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb.

Silahların cinayətlərdə istifadə olunub-olunmadığı araşdırılır.

Qeyd edək ki, Xocalı Rayon Polis Şöbəsi tərəfindən aşkar olunan silah-sursat araşdırıldıqdan sonra aidiyyəti orqanlara təhvil veriləcək.

S.B.

0
8