FED-dən uçot faiz dərəcəsi ilə bağlı mühüm bəyanat

FED-dən uçot faiz dərəcəsi ilə bağlı mühüm bəyanat

Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) rəhbər müavini Stenli Fişer (Stanley Fischer) ABŞ-da makroiqtisadi göstəricilərin yüksəlməyə davam etdiyini qeyd edərək tənzimləyicinin 2016-cı il başa çatmamış faiz artımına doğru irəlilədiyinə işarə vurub.

Oxu.Az-ın məlumatına görə, APA “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə S.Fişer Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının illik toplantısı çərçivəsində Vaşinqtonda keçirilən 31-ci beynəlxalq bankçılıq konfransında bildirib.

Onun sözlərinə görə, ötən həftə məşğulluqla bağlı açıqlanan rəqəmlər yüksək olub və artımın davam edəcəyini qeyd edib:

“İşsizliyin faiz göstəricisi uzun müddət davam edəcək normal səviyyəyə yaxınlaşır. İnflyasiya da FED-in 2%-lik hədəfinə doğru yaxınlaşır”.

FED rəsmisi əlavə edib ki, iqtisadi göstəricilərlə bağlı müsbət fikirlərə baxmayaraq, sentyabrda faiz dərəcələrinin artırılmamasına son anda qərar verilib. “Faiz dərəcələrinin sabit saxlanması iqtisadiyyata etibarsızlıqdan irəli gəlməyib.

Məşğulluq göstəriciləri yüksəlməyə davam edir və biz bunun davam edəcəyini gözləyirik. İnflyasiya aşağı olsa da, müəyyən zaman ərzində 2%-ə yüksələcəyini proqnozlaşdırırıq”, - deyə S.Fişer qeyd edib.

U.A.

0
8