Azərbaycan - Norveç: kim necə oynadı?

Azərbaycan - Norveç: kim necə oynadı?

Dünya çempionatının seçmə mərhələsində ardıcıl ikinci qələbəsini qazanan Azərbaycan millisi iki turdan sonra Almaniya ilə birlikdə turnir cədvəlinə başçılıq edir. Apasport.az saytı xəbər verir ki, komandamız San-Marinodan sonra Norveçi də tək qolla məğlubiyyətə uğratdı.

Erkən vurulan qol yığmamızı 80 dəqiqə müdafiə olunmağa vadar etdi. Əslində, Norveç yığması da elə güclü komanda təsiri bağışlamadı. Skandinaviya təmsilçisi bütün ümidini cinah asmalarına və künc zərbələrinə bağlamışdı. Belə hallarda isə bəzən Kamran Ağayev, bəzən rəqibin qeyri-dəqiq oyunu, bəzən də bəxt qola mane oldu.

Kamran Ağayev – Matça yaxşı başlamasa da, tezliklə özünü toparladı. 2-3 adi epizodda topu əlindən buraxmaqla azarkeşləri həyəcanlandırdı. Ancaq əlcəklərini dəyişdikdən sonra tamam başqa Kamran izlədik. Bir neçə dəfə millimizi qoldan xilas edən qolkiper çıxışlardakı inamlı oyunu ilə də ucaboy norveçlilərə zərbə vurmaq imkanı vermədi.

Rəşad Sadıqov – Yüngül zədəsi olan kapitan növbəti dəfə fədakarlıq nümayiş etdirdi. Rəqibin hücumları zamanı, həmişəki kimi, kritik toxunuşları ilə təhlükənin böyüməsinə mane oldu. Onsuz da, yüngül zədəsi olan Rəşad bir neçə dəfə xəsarət alsa da, əsl “qladiator” kimi, sona qədər meydanda “döyüşdü”.

Maksim Medvedev – Müdafiənin mərkəzində oynayan Maksim görüşü kobud səhv etmədən keçirdi. Düzdü, bəzi epizodlarda yer seçimində yanlışlığa yol verdi. Amma təcrübəli Rəşad həmin anlarda onu sığortalayırdı. Qələbə qolunu vurması isə Medvedevi matçın qəhrəmanına çevirdi.

Məhəmməd Mirzəbəyov – Sağ cinah müdafiəçisini komandamızın ən zəifi saymaq olar. Onun yer aldığı cinah rəqib üçün boş dəhlizə çevrilmişdi. Təsadüfi deyil ki, Norveç yığması əksər hücumlarını məhz burdan qururdu. Mirzəbəyovun rəqib oyunçularla bacarmadığını görən Ağabala Ramazanov çox geri çəkilməli oldu və bir neçə dəfə norveçlilərin həmin cinahdan təhlükəli həmlələrinin qarşısını aldı.

Qara Qarayev – Qaranın işinin öhdəsindən gəldiyini demək olar. Onsuz da, rəqib komanda bütün ağırlığını cinahlara qoymuşdu. Belə olanda da Qarayev işsiz qalmamaq üçün müdafiəçilərin arasına qoşulurdu və rəqib hücumda olarkən komandamız 5 müdafiəçili sistemlə çıxış edirdi.

Rahid Əmirquliyev – Rahidin də əsas vəzifəsi müdafiəçilərə kömək etmək idi. Orta sahədə sıxlıq yaradanlardan biri idi və ümumi ansambldan ayrılmadı. Bir neçə epizodda topu rəqibdən "oğurlayaraq", dəqiq ötürmə ilə komandamızın əks-hücuma keçməsinə şərait yaratdı.

Eddi İsrafilov – Orta sahədə hücuma ən yaxın olan Eddi də çox irəli çıxmırdı. İnsaf naminə onun da komandamıza köməyinin dəydiyini demək lazımdı. Təbii ki, müdafiə mənasında. Ucaboylu olması yığmamızın çox köməyinə çatdı və norveçlilərin cinah asmaları zamanı bir neçə dəfə topu başla geri qaytarmağa nail oldu.

Dmitri Nazarov – Komandamız əsasən müdafiə olunduğundan, Nazarova böyük iş düşürdü. Belə ki, topu ələ keçirərkən onu "gizlətmək" və rəqibin təzyiqini yox etmək ona tapşırılmışdı. Prinsipcə bir çox hallarda bunu bacarırdı. Xüsusən də, cərimə zərbələri qazanmaqla norveçlilərin tempi yüksəltmələrinə mane olurdu.

Ağabala Ramazanov – Şübhəsiz ki, oyunun ən fəalı idi. Əsasən sağ cinahda yer alan Ramazanov, xüsusən də, birinci hissədə sürətli reydləri sayəsində azarkeşləri həyəcanlandırdı. Ancaq topla uzun məsafə qət etdikdən sonra ötürmə verməməsi və təkbaşına irəliləmək istəyi hər dəfə onu itirməsi ilə nəticələnirdi. Qələbə qolunun ötürməsini verən Ağabala sağ cinahda rəqiblə bacarmayan Məhəmməd Mirzəbəyova da çox kömək etdi.

Namiq Ələsgərov - Son 25 dəqiqədə meydanda olan Ələsgərov əvvəlki formasında olsaydı, sürəti sayəsində əks-hücumlarda rəqib müdafiəçilərinə problem yarada bilərdi. Amma bu görüşdə komandamıza əlavə güc qata bilmədi.

Ramil Şeydayev - Cəmi 10 dəqiqə mübarizə aparan Şeydayev yenə qol vurmaq imkanı əldə etdi. Ancaq lazımi anda zərbə vurmaq əvəzinə topu ayağında çox saxlamaqla komandamızı, bəlkə də, ikinci qoldan məhrum etdi.

Bədavi Hüseynov - Bədavi yalnız əlavə olunmuş dəqiqələrdə müdafiəni gücləndirmək üçün oyuna qoşuldu. Vaxt azlığından ona elə bir iş də düşmədi.

Ruslan SADIQOV

0
14