Dövlət Neft Fondunun aktivləri 2% artdı

Dövlət Neft Fondunun aktivləri 2% artdı

Mənfəət neftinin və qazın satışından 1 milyard 869,8 milyon manat əldə edilib.

2016-cı ilin yanvar-mart ayları ərzində Dövlət Neft Fondunun (SOFAZ) büdcə gəlirləri 2 milyard 23,1 milyon manat, büdcə xərcləri isə 1 milyard 946,7 milyon manat təşkil edib. 

Bu barədə Neft Fondundan Oxu.Az-a bildirilib. 

2016-cı ilin yanvar-mart ayları ərzində SOFAZ-ın neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 milyard 874,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 1 milyard 869,8 milyon manat, bonus ödənişləri 0,1 milyon manat və tranzit gəlirləri 4,4 milyon manat təşkil edib. 

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 148,8 milyon manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı SOFAZ-ın büdcədənkənar gəliri 354,1 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində, Neft Fondunun 2016-cı il büdcəsinin icrası çərçivəsində 1 milyard 660 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. 

2016-cı il aprelin 1-ə Fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 milyard 574,1 milyon ABŞ dolları) nisbətən 2% artaraq 34 milyard 246 milyon ABŞ dollarına bərabər olub. 

0
19