Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Oktyabrın 19-dan 23-dək Frankfurt Beynəlxalq Kitab Sərgisi keçiriləcək. Sərgidə Azərbaycan da təmsil olunacaq.

Ölkəmizi, onun zəngin mədəniyyətini, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsini, kitab sənətinin təmsil və təbliğ olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarından və yerli nəşriyyat nümayəndələrindən ibarət nümayəndə heyəti Almaniyanın Frankfurt-Mayn şəhərinə səfər edəcək.

Nazirlikdən Oxu.Az-a bildirilib ki, 56 kvadratmetr sahədə, Qız qalası və Qala divarları dizaynı ilə hazırlanmış xüsusi stendlə təmsil olunacağımız sərgidə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, dövlətçiliyimizə, tariximizə, mədəniyyətimizə, o cümlədən ölkəmizin turizm potensialına aid nəşrlər barədə sərgi iştirakçılarına məlumat veriləcək.

Sərgi çərçivəsində cari ilin “Multikulturalizm ili” elan edilməsi ilə bağlı tədbirin keçirilməsi də nəzərdə tutulub.

Beynəlxalq kitab sərgiləri sırasında Frankfurt Kitab Sərgisi özünün nüfuzu, iştirakçı və ziyarətçilərin sayının çoxluğu, dünyanın müxtəlif kitab mədəniyyətlərinin görüşü baxımından əlamətdardır. Hər il təşkil olunan bu sərgiyə dünyanın əksər ölkələrindən nümayəndələr qatılır.

A.S.

0
8