Azərbaycan Prezidenti: 2016-cı il iqtisadiyyatımız üçün ən çətin, ağır ildir

Azərbaycan Prezidenti: 2016-cı il iqtisadiyyatımız üçün ən çətin, ağır ildir

“121 min daimi iş yeri açılıb, 36 min iş yeri isə bağlanıb”.

“Neftin qiyməti düşdü və bunun nəticəsində dövlət investisiyaları azaldı, tikinti sektoruna az sərmayə qoyuldu və bu, müəyyən qədər iqtisadi tənəzzülə gətirib çıxardı.

Ancaq sevindirici hal ondan ibarətdir ki, bizim sənayemiz artır. Sənaye potensialımız baxmayaraq ki, az artır - 0,2%, amma artır.

İqtisadiyyatımızın, sənayemizin qeyri-neft sektoru artır, orada artım 3,6%-dir, bu, yaxşıdır. Kənd təsərrüfatı 2,4% artıb və əminəm ki, daha da artacaq. Çünki kənd təsərrüfatı sahəsində apardığımız işlər yaxın gələcəkdə daha da böyük həcmdə nəticə verəcək”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Sosial layihələrin icra edildiyini deyən dövlət başçısı qeyd edib ki, 29 məktəb tikilib, 485 məktəbdə təmir işləri aparılıb, 33 səhiyyə obyekti inşa olunub, təmir edilib.

“Böyük yol layihələri, kənd yolları layihələri icra edilib. Bir neçə şəhərimizdə içməli su layihələri başa çatıb. İnfrastruktur layihələri icra edilir, 154 min iş yeri yaradılıbdır, onlardan 121 mini daimi iş yeridir. Doqquz ayda 36 min iş yeri bağlanıbdır.

Əlbəttə, biz bağlanan iş yerləri ilə əlaqədar daim təhlil aparırıq – 121 min daimi iş yeri yaradılıb, 36 min iş yeri bağlanıb. Bu, çox gözəl göstəricidir. Hesab edirəm ki, böhranlı il üçün bu, xüsusi bir göstəricidir. Digər istiqamətlərdə də bütün işlər plan üzrə gedir. “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir, Azərbaycan çox önəmli nəqliyyat mərkəzinə çevrilir.

Artıq uzaq məsafədən göndərilən yük konteynerləri Azərbaycan ərazisindən keçir. Yəni, biz çox güclü nəqliyyat infrastrukturu yaratmaqla ölkəmizin uzunmüddətli siyasi, iqtisadi maraqlarını təmin edəcəyik.

İndi biz ilin sonuna qədər görüləcək işlər haqqında da danışacağıq. Mən hesab edirəm ki, 2016-cı ildə nəticələr bütövlükdə yaxşıdır, biz yaxşı işləmişik. Son illər ərzində 2016-cı il ölkə iqtisadiyyatı üçün ən çətin, ağır ildir. Ancaq qeyd etdiyim kimi, biz yenə də inkişaf yolu ilə gedirik və gedəcəyik”.

U.A.

0
10