Jurnalist Xədicə İsmayılın apellyasiya şikayəti təmin edilməyib

Jurnalist Xədicə İsmayılın apellyasiya şikayəti təmin edilməyib

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın onun barəsində Cinayət Məcəlləsinin (CM) 192.2.2-ci (qanunsuz sahibkarlıq) maddəsinə xitam verilməsi ilə bağlı şikayət ərizəsi üzrə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın Report-a istinadla xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Ali Məhkəmə 25 may 2016-cı il tarixli qərarı ilə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb.

Daha sonra X.İsmayıl onun barəsində CM-nin 192.2.2-ci (qanunsuz sahibkarlıq) maddəsinə xitam verilməsi ilə bağlı şikayət ərizəsi verib. Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin üzərindəki şərti cəzanın müddətini 3 il 6 aydan 2 il 3 aya endirib. Həmin qərardan narazı qalan X.İsmayılın müdafiəçisi Fariz Namazlı apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

A.S.

0
8