“Əl-İttihad” Naxçıvandan yazıb

“Əl-İttihad” Naxçıvandan yazıb

Birləşmiş Ərəb Əmirliklərinin rəsmi dövlət qəzeti olan nüfuzlu “Əl-İttihad” qəzetinin çap və elektron nüsxələrində qəzetin jurnalisti Nəsrin Durzinin “Naxçıvan...Müalicəvi və əyləncə turizmi üçün istiqamət” başlıqlı məqalə işıq üzü görüb.

Lent.az-ın məlumatına görə, məqalənin müəllifi oxucuları Azərbaycan Respublikasının tərkibində olan, 5502 km2-lik əraziyə və 435.5 minlik əhaliyə malik olan Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi ilə tanış etdiyi zaman onun şimal və şərqdən Ermənistan Respublikası, qərbdən Türkiyə Respublikası və cənubdan İran İslam Respublikası ilə həmsərhəd olduğunu yazıb və eyni zamanda, “Naxçıvan” sözünün mənşəyi barədə məlumat verib.

N.Durzi 1924-cü ildə muxtariyyət statusunu əldə etmiş Naxçıvanın sistemləşdirilmiş yazılı mənbələrə, Naxçıvan ərazisindən arxeoloji qazıntılar zamanı əldə olunan arxeoloji materiallara, eləcə də məşhur Gəmiqaya qayaüstü yazıları və bu ərazidəki digər abidələrə görə 5 min ilə yaxın yaşı olduğunu qabardıb, respublikanın nadir təbii üstünlüklərdən söhbət açıb.

Müəllif Naxçıvanda 1162 tarixi-mədəniyyət abidəsinin və bu abidələrdən 58-nin dünya, 455-nin ölkə və 649-un yerli əhəmiyyətli abidə olduğunu əldə tutan qələm sahibi bu məkanda ənənəvi və müalicəvi turizmin inkişafı etdiyini önə çəkib və bu haqda geniş materiallar təqdim edib. Belə ki, o, ənənəvi turizmə toxunaraq, ziyarətçilərin Əshabi-Kəhf mağarasını, Gəmiqaya ərazisini, Nuhun qəbrini və s. ziyarət etmək imkanına malik olduqlarını oxucuların diqqətinə çatdırib, son dövrdə aparılmış araşdırmaların Qurani-Kərimdə adı çəkilən Əshabi-Kəhf mağarasının Naxçıvan ərazisində yerləşdiyini və bunun xristianlıqla heç bir əlaqəsinin olmadığını sübut etdiyini məqaləsində əks etdirib, mağaranı müfəssəl şəkildə təsvir edib. Vurğulayıb ki, mağaranın sonunda olan məscidin mehrabında kitabə vardır. İri həcmli mərmər lövhədən (145x35 sm) ibarət olan kitabənin mərkəzi hissəsində, çərçivələr içərisində Qurani-Kərimin Əshabi-Kəhf hadisəsindən bəhs edən “əl-Kəhf” surəsindən 9-12, 17-18-ci ayələri həkk edilib.

Nuh peyğəmbərin qəbrinə gəlincə, bu mövzuda N.Durzi əfsanəyə istinadən dünya tufanı zamanı Həzrəti Nuh peyğəmbərin gəmisinin Naxçıvan ərazisindəki İlandağa toxunduğuna, Qapıcıq zirvəsinə yaxın dağ ətəyində lövbər saldığına və həmin yerin Gəmiqaya adlandırıdlığına diqqət çəkib, Nuhun türbəsinin Naxçıvanda olması haqqında fransalı Ivan Şopenin, isveçrəli Dyubua-de Monperenin, rusiyalı Konstantin Nikitinin və digər tədqiqatçıların məlumat verdiklərini qeyd edib. Həmçinin Həzrəti Nuh peyğəmbərlə bağlı rəvayətlərdə hətta onun bacısının da məzarının Naxçıvan şəhərində olduğu barədə məlumat verildiyi məqalədə əks edilib.

Müalicəvi turizmə gəlincə, burada müəllif Darıdağ Balneoloji Müalicəxanasını, Duzdağ Fizioterapiya Mərkəzinin və Badamlı Fizioterapiya Xəstəxanasını misal çəkib və bu müalicə obyektləri haqqında ətraflı məlumatlar təqdim edib. Yazıb ki, Darıdağ arsenli termal suyunun xüsusiyyətləri onun nəinki Qafqazda, hətta bütün dünyada olan arsenli sular içərisində birinci yerə çıxarır. Məsələn, eynitipli sular içərisində dünyada ən məşhuru İtaliyadakı Rençeko və Leviko, Fransadakı Lya-Bur-Bul adlı mənbələrdir. Darıdağ suyu onlarla müqayisədə çox fərqlidir. İtaliyanın Rençeko mənbəyində arsenli mineral suyunun tərkibində arsenin miqdarı Darıdağdakından çoxdur, lakin onun tərkibi qələvi deyil, orqanizmə kifayət qədər sorulmur və lazımi müalicə effekti alınmır. Darıdağ ərazisində hazırda beynəlxalq standartlara cavab verən 2 yeni müalicəxana korpusundan istifadə edilir. Korpuslarda tibbi yardım göstərməyə geniş şərait və imkanlar vardır. Korpuslarda 1 saat ərzində 25-30 xəstə qəbul etmək mümkündür.

Duzdağ Fizioterapiya Mərkəzinə gəldikə, N.Durzi yüksək beynəlxalq standratlara uyğun olan yeraltı və yerüstü hissələrdən ibarət 100 çarpayılı Duzdağ Fizioterapiya Mərkəzinin 1980-ci ildə fəaliyyətə başladlığını, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin göstərişinə əsasən sözügedən Mərkəzin 2008-ci ildə yenidən qurulduğunu qeyd edib, bu müalicə ocağında müasir texnologiyalar əsasında bronxial-astma və digər allergik xəstəliklərin müalicə olunduğunu özəlliklə qeyd edib.

Sonra o, Badamlı Fizioterapiya Xəstəxanasında Badamlı suyu vasitəsilə həzm sistemi xəstəliklərinin və s. xəstəlkilərin müalicə olunduğunu yazıb.

Bununla yanaşı, məqalənin müəllifi Naxçıvan Muxtar Respublikasının zəngin təbii ehtiyatlarından birinin də onun şəfalı bulaqları, mineral sularının olduğunu qabardaraq, muxtar respublikanın ərazisi boyu Sirab, Vayxır, Badamlı, Gülüstan, Darıdağ, Əshab-Kəhf kimi şəfalı mineral su bulaqlarının axdığını oxucuların diqqətinə çatdırıb, həmin bulaqlardan müxtəlif daxili orqan və oynaq xəstəliklərinin müalicəsində istifadə olunduğunu və eyni zamanda, Sirab, Badamlı və Gülüstan mineral suları sufrə suyu kimi istehsal edildiyini önə çəkib.

Məqalənin yekununda N.Durzi Azərbaycan hökumətinin 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşları üçün giriş vizasının ölkənin beynəlxalq statuslu hava limanlarında verilməsi haqqında qərarının BƏƏ-dən Naxçıvan, Gəncə kimi şəhərlərə turist axınının kəskin dərəcədə artmasına səbəb olduğunu bildirərək, Azərbaycan kimi qədim dövlətin BƏƏ turistlərinin potensial turizm istiqaməti siyahısında özünəməxsus yer tutduğunu yazıb, Dubay-Bakı birbaşa reyslərinin mövcudluğunu və bəzən normadan artıq yükləndiyini nəzərə alaraq, Şarca Əmirliyinə məxsus “Air Arabia” aviaşirkətinin Naxçıvana müntəzəm uçuşların təsis edilməsinin zəruriliyini qeyd edib.

0
8