Zakir Qaralov Ukrayna səfiri ilə azərbaycanlılara qarşı törədilən cinayətləri müzakirə edib

Zakir Qaralov Ukrayna səfiri ilə azərbaycanlılara qarşı törədilən cinayətləri müzakirə edib

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Azərbaycanın baş prokuroru Zakir Qaralovla görüşüb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında hüquq-mühafizə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

O cümlədən, Ukraynada Azərbaycan əsilli Ukrayna vətəndaşlarına, eləcə də bu ölkədə biznesi olan Azərbaycan vətəndaşlarına qarşı törədilən məlum qanun pozuntuları faktları ilə bağlı vəziyyət müzakirə olunub.

Səfirlikdən verilən məlumata görə, görüş zamanı Ukrayna tərəfi bildirib ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində ümumi kriminogen vəziyyət xeyli pisləşib, lakin Ukraynada anti-Azərbaycan əhval-ruhiyyəsinin olduğunu düşünmək üçün heç bir əsas yoxdur.

“Bir qayda olaraq, azərbaycanlılar müxtəlif cür kriminal fırıldaqlara və bu kimi şeylərə qatıldıqları zaman əziyyət çəkirlər. Amma bu, eyni dərəcədə ukraynalılara və Ukraynada yaşayan digər millətlərin nümayəndələrinə də aiddir”, - səfirlikdən bildirilib.

Səfir A.Mişenko ümumilikdə rəsmi Kiyev tərəfindən nəzarət edilən Ukrayna ərazilərində vəziyyətin tam sabit olduğunu qeyd edib. O, buna bariz nümunə kimi Truskavets şəhərində yerləşən Qərbi Ukrayna istirahət mərkəzinə hər il minlərlə Azərbaycan vətəndaşının gəldiyini və indiyə qədər səfirliyə həmin azərbaycanlılara qarşı törədilmiş hansısa mənfi hallardan şikayət daxil olmadığını göstərib.

Səfirin sözlərinə görə, Azərbaycanda da Ukrayna vətəndaşlarının hüquqlarının pozulması barədə faktlar var, amma bu məsələdə Ukraynanın Azərbaycandakı səfirliyi Azərbaycanın hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir və bunun nəticəsində Azərbaycanda yaşayan Ukrayna vətəndaşlarının hüquqlarının və qanuni mənafelərinin sürətli şəkildə bərpa edilməsi mümkün olur.

Görüş zamanı hər iki tərəf vətəndaşlarının hüquqlarının müdafiəsinin təşviqi məqsədilə Baş Prokurorluqsəviyyəsində əlaqələrin maksimum dərəcədə fəallaşmasına və dərinləşdirilməsinə hazır olduqlarını dilə gətirib.

Azərbaycanın baş prokuroru Z.Qaralov Ukrayna Baş Prokurorluğu rəhbərliyinin yaxın zamanda Ukraynadakı Azərbaycan icmasının nümayəndələri ilə keçirəcəyi görüşü yüksək qiymətləndirib. Baş prokurur bu görüş sayəsində Ukraynada yaşayan azərbaycanlıların mövcud problemlərinin həllini tapacağına inamını ifadə edib.

N.O.

0
8