Qəmbər Hüseynlinin anadan olmasının 100 illiyi keçirildi – FOTO

Qəmbər Hüseynlinin anadan olmasının 100 illiyi keçirildi – FOTO

“Cücələrim” əsəri bu gün də dünyada sevilə-sevilə dinlənilən uşaq mahnılarındandır.

Aprelin 19-da Beynəlxalq Muğam Mərkəzində tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi Qəmbər Hüseynlinin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Oxu.Az xəbər verir ki, gecə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 25 noyabr tarixli Sərəncamına uyğun olaraq reallaşdırılıb.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək görkəmli bəstəkarın həyat və yaradıcılığından söz açıb.

Bəstəkarın 1948-ci ildə qələmə aldığı “Cücələrim” əsəri bu gün də dünyada sevilə-sevilə dinlənilən uşaq mahnılarındandır.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov bildirib ki, Qəmbər Hüseynli incəsənətimizdə əfsanəyə dönmüş insanlardandır.

Sonra tanınmış ifaçılar bəstəkarın “İnsafsızsan sən”, “Bulağa gəlsin”, “Ay dağlar”, “İlk məhəbbət”, “Olan oldu”, “Tel nazik”, “Gülə-gülə”, “Ay işığında”, “Nə vaxta qaldı” və digər nəğmələrini səsləndiriblər.

İfaçıları Gəncə Dövlət Filarmoniyasının “Göygöl” ansamblı müşayiət edib.

0
37