“Garant Aqro”nun qazandığı nailiyyətlər

“Garant Aqro”nun qazandığı nailiyyətlər

2015-ci ilin oktyabr ayının 6-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ucar rayonuna səfəri zamanı müasir texnologiyalar əsasında tikilmiş, “Mərcan” brendi ilə quş əti istehsal edən “Garant Aqro” MMC quşçuluq sənaye müəssisəsində olub.

Qeyd edək ki, dövlət başçısının təsdiqlədiyi “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda əsas tədbirlərdən biri quş ətinin və yumurtanın sənaye yolu ilə istehsalının artırılması məqsədilə quşçuluğun kompleks inkişafının, yerli istehsalat hesabına respublika əhalisinin quşçuluq ərzaqları ilə təmin edilməsidir.

Bu tədbirlərə əsasən, Azərbaycanın kənd təsərrüfatına və quşçuluğa ayırdığı diqqət respublika əhalisinin quşçuluq məmulatları ilə təmin edilməsi ilə yanaşı, yeni iş yerlərinin yaradılmasına, regionların sənaye inkişafına və bu sahədə yeni, müasir texnologiyaların tətbiq edilməsinə istiqamətlənib.

Bütün bunlar “Mərcan” brendi adı altında quş əti istehsalçılarından biri olan “Garant Aqro” MMC-nin fəaliyyətində də müsbət əksini tapır.

“Garant Aqro” MMC-nin baş direktoru Rüfət Məmmədzadə qeyd edib ki, son bir ildə biznesin inkişafı üzrə bir il ərzində böyük iş görülüb:

“İstehsalat həcmi iki dəfə artırılıb, “Garant Aqro” MMC bazara “Mərcan” brendi adı altında 20 tona yaxın məmulat çıxarır. Əgər 2015-ci ildə işçilərin sayı 240 nəfər idisə, bu gün şirkətin işçilərinin sayı 380 nəfərdir. İşçilərin orta əmək haqqı da artırılıb”.

İstehsalat gücünə gəldikdə isə R.Məmmədzadənin sözlərinə görə, cari ilin noyabr ayında müəssisə broyler yemlərinin istehsalı üzrə zavodu istismara verməyə hazırlaşır:

“Ayda 1 milyon cücə istehsal gücü olan inkubator sexinin yaradılması üzrə investisiya işləri aparılır”.

Müəssisənin baş direktoru, həmçinin bildirib ki, şirkəti dövlət başçısının bu yaxınlarda imzaladığı və 2016-cı ilin noyabr ayının 1-də qüvvəyə minəcək quşçuluq məhsulları da daxil olmaqla bir sıra kənd təsərrüfatı malları üçün yeni kömrük rüsumuna dair fərmanı da ruhlandırır, bu fərmanın qüvvəyə minməsi rəqabət üçün əlverişli atmosfer yaradacaq:

“Dövlət başçısının fərmanı yerli istehsalı dəstəkləməyə, respublikada quşçuluğun inkişafına istiqamətlənib”.

Son olaraq demək olar ki, şirkət bir il öncə müəssisəyə gəlmiş dövlət başçısının verdiyi göstərişləri rəhbər tutaraq çalışır, bu isə öz müsbət nəticələrini verir!

0
22