Oğluna 1 milyard avroluq toy edən oliqarx biznesini satır

Oğluna 1 milyard avroluq toy edən oliqarx biznesini satır

Banklardan, topdansatış tərəvəz bazalarından, hotellərdən, prodüser mərkəzlərindən və neft buruqlarından ibarət qəribə konqlomerat yaratmış, Azərbaycanda da neft yataqlarına sahib olan milyarder Mixail Qutseriyev ətrafında müəmmalı hadisələr baş verir.

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, deyəsən inquş əsilli oliqarx oğluna əfsanəvi toy mərasimi təşkil edəndən sonra Rusiyada, necə deyərlər, dilə-dişə düşüb və hakimiyyətdə ona qarşı münasibət yenidən dəyişib.

Əks halda oğlunun toyuna Britaniyanın “The Daily Mirror” qəzetinin yazdığı kimi 1 milyard avro xərc çəkən bu neft maqnatı nədən Moskvadakı bəzi aktivlərini tələm-tələsik satmağa qərar verib?

Xatırladaq ki, Qutseriyevin oğlu Səidlə inquş ailədən olan Xədicənin toyu bu ilin martında olub. Azərbaycanlı keçmiş milyarder-oliqarx Telman İsmayılovun “Safisa” şadlıq sarayında keçirilən toy o qədər dəbdəbəli keçmişdi ki, Rusiya maqazin mediasının yazdığı kimi, ölkə hələ belə dəbdəbə, təmtəraq görməmişdi.

Səidlə Xədicənin toyunda Ceniffer Lopes, Stinq, Enrike İqlesias, Patrisia Kaas və digər pop-ulduzlar oxumuşdu, gəlin brilyant qaşlarla bəzədilmiş gəlinlik libası geymişdi. Qutseriyev bununla da kifayətlənmədi, oğluna Londonda daha bir toy mərasimi (Moskvadakı kimi dəbdəbəli olmasa da) keçirdi.

İndi isə Rusiya mənbələri xəbər verir ki, Qutseriyev bu günlərdə Moskvadakı kommersiya daşınmaz əmlak aktivlərinin xeyli hissəsini satışa çıxarıb. Bura “Hilton Moskow Leningradskaya”, “Holiday İnn Sushevskiy”, “Holiday İnn Lesnaya” hotelləri daxildir. Bu, Qutseriyevin hotel biznesinin az qala yarısıdır. Müşahidəçilər təəccüblənirlər ki, biznesmen hotel biznesində işlərin yaxşı getdiyi bir vaxtda aktivlərini niyə satır?

Ancaq belə məlum olub ki, hər üç hotel VTB bankdan götürülmüş 390 milyon dollar kreditə görə girovdur. Hərçənd ki, hotellər satılsa belə, bu krediti ödəməyə bəs etməyəcək. Çünki üç aktivin indiki bazar qiyməti təqribən 170 milyon dollar qiymətləndirilir. Əvvəlcə belə təxmin edilirdi ki, Qutseriyev hotelləri boru qaytarmağa çalışdığı görüntüsü yaratmaq üçün formal olaraq satışa çıxarıb.

Ancaq ortada alıcı da var - “Sistema” maliyyə korporasiyasının direktoru Vladimir Yevtuşenkov. Hansı ki, Qutseriyev 2007-ci ildə Putinin qəzəbinə tuş gəlib Rusiyadan qaçmağa məcbur olanda “Russneft”i məhz tələsik ona satmışdı. Geri qayıdanda isə şirkətini təzədən aldı.

Qutseriyevlə bağlı digər xoşagəlməz vəziyyət Moskvada bu günlərdə yanan və 8 yanğınsöndürənin həlak olmasına səbəb olan topdansatış anbarı ilə bağlıdır. Həmin anbarın sahibi - “Viktoriya” QSC-nin direktoru İsrail Oskanovdur. O, Qutseriyevin partnyorudur, hətta ailə klanının üzvüdür və yanğın təhlükəsizliyi ilə bağlı normaların kobud şəkildə pozulmasına yol verib. Ancaq hələlik onu həbs etməyiblər.

Qeyd edək ki, Qutseriyev Azərbaycanda quruda yerləşən bir neçə neft yatağını alıb. 2008-ci il fevralın 3-də M.Qutseriyevin Londonda yaratdığı, öz strukturlarında “Abşeron Operating Companu Limited” (“Zığ” və “Hövsan” yataqlarını işləyir), “Karasu Operating Companu” (“Kəlamətdin” və “Mişovdağ”), “Kura Valey Operating Companu” (“Padar-Hərəmi”), “Neftçala İnvestments Limited” (“Neftçala”, “Xıllı”, “Durovdağ-Bazanan”), “Binagadi Oil Companu” (“Binəqədi”, “Qırmakı”, “Çaxnaqlar”, “Sulutəpə”, “Masazır”, “Fatmayı”, “Şabandağ” və “Sianşor”) şirkətlərini birləşdirən “Qlobal Enerji Azərbaycan Ltd.” şirkəti ARDNŞ-lə hasilatın pay bölgüsü (HPB) tipli 16 yatağın işlənməsi üzrə 2 neft kontraktı imzalayıb.

N.O.

0
4