Nazir Qazaxıstandan Qarabağla bağlı xahiş etdi

Nazir Qazaxıstandan Qarabağla bağlı xahiş etdi

“Bu gün qətiyyətlə demək olar ki, siyasi sahədə digər Xəzəryanı dövlətlərlə müqayisədə ən sabit diplomatik münasibətlər məhz Qazaxıstanla mövcuddur və Azərbaycan üçün həlledici, prioritet kəsb edən məsələlərdə rəsmi Astana rəsmi Bakı ilə həmişə həmrəylik nümayiş etdirib”.

Oxu.Az xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyevin “Respublika” qəzetində dərc olunan məqaləsində deyilir.

Nazir bildirib ki, Qazaxıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı kimi çıxış etməklə qalmır, həm də Nursultan Nazarbayevin şəxsində ölkələr arasında uğurlu barışdırıcı missiyasını bu ağrılı problemin nizamlanmasında da sınaqdan keçirməkdə maraqlı görünür:

“Yada salaq ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü zamanı irəli sürülən - bu üzvlüyün Azərbaycanın ərazi bütövlüyünə zərər gətirməməsi şərtinin müəllifi də məhz Nursultan Nazarbayevdir.

Bu quruma üzv ölkələrin dövlət başçılarının 29 may 2014-cü il tarixində Moskvada keçirilmiş sammitində onun nümayiş etdirdiyi bu prinsipial mövqe Dağlıq Qarabağda istehsal olunan məhsulların Avrasiya İqtisadi Birliyi ölkələrinə ixracının əngəllənməsi yolunda çox mühüm bir addım olub.

Bu mövqe bizə Azərbaycan - Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın bu yaxınlarda keçirilən 13-cü iclasının Protokoluna da belə bir müddəanın daxil edilməsinə imkan yaradıb.

Həmin müddəada qeyd edilir ki, Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın işğal olunmuş ərazilərində istənilən məhsulun satışı, ixracı və idxalına, eləcə də bu ərazilərdə şirkətlərin iqtisadi fəaliyyətlə məşğul olmasına imkan verilməməsini Azərbaycan Qazaxıstandan xahiş edir”.

U.A.

0
7