Bakıda “Zara”nın yeni mağazası açılır

Bakıda “Zara”nın yeni mağazası açılır

“Zara” brendinin Azərbaycandakı yeni mağazası şəhərin yeni alış-veriş mərkəzi olan “Gənclik Mall”da 7 oktyabrdan etibarən müştərilərə öz qapılarını açır. Bu, artıq “Zara”nın ölkəmizdə fəaliyyət göstərəcək 3-cü mağazasıdır.

Oxu.Az xəbər verir ki, “Zara”nın ilk mağazası 2011-ci ilin noyabr ayında “Nərgiz Mall”da, ikincisi isə 2012-ci ilin sentyabr ayında “28 Mall”da fəaliyyətə başlayıb. Sahəsi 2512 kvadratmetrdən çox olan mağaza Qafqaz regionunda “Zara”nın ən böyük butikidir. Burada qadın, kişi və uşaq şöbələri fəaliyyət göstərəcək.

“Gənclik Mall”da “Zara” ilə yanaşı, “Inditex Group”a daxil olan “Pull & Bear”, “Stradivarius” və “Bershka” brendləri də öz mağazalarını açıb. Bu brendlər Azərbaycanda “Alhokair Fashion Retail”in filialı olan “Retail Group Azerbaijan”ın distributorluğu ilə fəaliyyət göstərir.

“Gənclik Mall”dakı “Zara” mağazası bütün dünyada “Inditex group”a daxil olan brendlər içərisində “Alhokair Fashion Retail” tərəfindən açılan 200-ci mağazadır. Bu münasibətlə İspaniyadakı “Inditex” ofisindən və şirkətin baş ofisindən açılışa qonaqlar dəvət olunub. Açılış gecəsinin fəxri qonağı Avroviziya Mahnı Müsabiqəsi - 2011-in qalibi Nigar Camaldır.

Eyni zamanda xüsusi qonaqlar sırasında “Miss Azerbaijan 2016”-ın qalibi Oksana Barkhatova və gecəyə özünəməxsus gözəllik qatacaq Fərid Əskərov da yer alır. Açılış zamanı “Zara”nın ən yeni kolleksiyaları dünyanın müxtəlif ölkələrindən gələn top-modellərin iştirakı ilə dəb şousunda nümayiş olunacaq.

“Zara” və “Inditex Group”un Səudiyyə Ərəbistanı, Orta Asiya və Qafqazda icraçı direktoru Yasin Sibari yeni mağaza haqqında bu fikirləri söyləyib:

“Gənclik Mall”da “Zara”nın və “Inditex” brendlərinin yeni mağazalarını açmaqla biz dəb dünyasının liderlərini şəhərin yeni alış-veriş mərkəzinə gətirmək və bu brendlərdən alış-veriş etməyi dəyərli müştərilərimiz üçün ən sevimli məşğuliyyətə çevirmək arzusundayıq. Bu butik “Zara”nın dünyadakı ən son mağazası olmaqla 2512 kv. metr-dən böyük ərazidə fəaliyyət göstərəcək. Biz müştərilərimizin olduqca eksklüziv kolleksiyalarımızdan alış-veriş edəcəklərinə ümid edirik.

Azərbaycandakı müştərilərimizin nəzərinə çatdırmaq istərdik ki, Bakıda 3-cü mağazanı açmağımızın səbəbi ilk 2 mağazamızın böyük uğurlar qazanması və müştərilər tərəfindən sevilməsidir. Mən əminəm ki, yeni mağazamız Azərbaycandakı dəyərli müştərilərimiz və bu gözəl ölkənin qonaqları üçün mükəmməl məkan olacaq”.

Dünyanın ən böyük geyim brendi kimi “Zara” 88 ölkədə 2100 mağazası ilə fəaliyyət göstərərək qadın, kişi, uşaq və TRF şöbələrində geyim və aksessuarların satışını həyata keçirir. Brend müştərilərin istəklərini nəzərə alaraq və onlardan ilhamlanaraq həftədə iki dəfə kolleksiyanı yeniləyir.

Brendin “Gənclik Mall”dakı yeni mağazası Azərbaycanlı müştərilərə və şəhərin qonaqlarına fərqli alış-veriş zövqü yaşatmaq üçün ən yeni kolleksiyanı özündə əks etdirir.

“Gənclik Mall” 15 aprel 2016-cı ildən etibarən fəaliyyət göstərir. 46000 kvadratmetr əraziyə malik olan ticarət mərkəzi Bakıda istifadəyə verilən ən son ticarət mərkəzidir. Burada hazırda 70-dən çox beynəlxalq brend təmsil olunur. Hal-hazırda “Gənclik Mall” şəhərə təşrif buyuran turistlərin ən çox üz tutduqları ticarət mərkəzlərindən biridir.

A.S.

0
10