Azərbaycan mədəniyyətinə ağır itki üz verdi

Azərbaycan mədəniyyətinə ağır itki üz verdi

O, Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdü.

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Əməkdar mədəniyyət işçisi Fərəh Əbdülrəhim qızı Şəkinskaya 2016-cı il aprelin 20-də 80 yaşında vəfat edib.

Oxu.Az xəbər verir ki, Fərəh Şəkinskaya 1936-cı il aprel ayının 28-də Bakı şəhərində anadan olub. 1958-ci ildə Azərbaycan Sənaye İnstitutunda təhsil almış Fərəh Şəkinskaya əmək fəaliyyətinə Bakı Şin Zavodunda mühəndis kimi başlayıb.

60-70-ci illərdə o, Azərbaycan Mərkəzi Partiya Komitəsinin inspektoru, daha sonra Azərbaycan Kommunist Partiyasının N.Nərimanov rayon Komitəsinin katibi, 1978-1989-ci illərdə Bakı şəhər İcra Komitəsinin mədəniyyət idarəsinin müdiri, 1989-1993-cü illərdə isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini vəzifəsində çalışıb.

F.Şəkinskaya müxtəlif illərdə N.Nərimanov və 26 Bakı Komissarı adına rayonların deputatı seçilib.

1993-2012-ci illərdə Fərəh Şəkinskaya Azərbaycan Dövlət Uşaq Filarmoniyasına rəhbərlik edib. Bu illər ərzində kollektiv yeni rəngarəng proqramları ilə respublikamızda və bir çox xarici ölkələrdə Azərbaycan mədəniyyətini uğurla təmsil edib, Beynəlxalq Uşaq Festivallarında laureat adını qazanıb.

O, milli mədəniyyətimiz sahəsindəki xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq  görülüb.

0
28