Nazirlik: Elektron ticarət büdcəyə milyonlar gətirə bilər

Nazirlik: Elektron ticarət büdcəyə milyonlar gətirə bilər

“Müasir dövrdə internet həyatımızın tərkib hissəsinə çevrilməkdədir. Dünya əhalisinin 3,2 milyard nəfərinin internet istifadəçisi olması və onların istifadə etdikləri 9 milyard qurğunun internetə qoşulması buna bariz nümunədir.

İnternet yaranandan bəri dünyada internet xidməti göstərən 10 mindən çox provayder şirkətinin yaradılması, 300 milyondan artıq domen adın qeydiyyata alınması və 2,1 milyard sosial şəbəkə istifadəçisinin olması dünya iqtisadiyyatının inkişafında onun rolunun əhəmiyyətliliyini bir daha təsdiq edir”.

Oxu.Az-a Vergilər Nazirliyindən verilən məlumata görə, bu sözləri nazirliyin Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi Əflatun Məmmədov deyib.

“İnternetin bu qədər inkişaf etməsi iqtisadi münasibətlər sistemində təzahür edən yeni hədəfləri, o cümlədən prioritet istiqamətləri müəyyənləşdirdi. Misal kimi, hazırkı inkişaf mərhələsində rəqəmsal valyutanın yaradılmasını qeyd edə bilərəm. Bu valyutanın müsbət xarakteristikası inflyasiyanın qarşısının alınması, anonimliyin qorunması, heç bir dövlətə bağlı olmaması və bazarda hər kəsə açıqlığı ilə əlaqədardır.

Daha geniş yayılmış digər rəqəmsal valyuta növü olan bitcoinin dünya üzrə istifadəçilərinin artması nəticəsində 1 bitcoinin dəyəri son 6 ildə 0,07 sentdən çox artaraq 680 dollara çatıb.

Qeyd olunanlar onu göstərir ki, ümumi iqtisadiyyatın inkişafında “rəqəmsal iqtisadiyyat”ın rolu çox yüksəkdir. Son 1 il ərzində dünya üzrə elektron ticarətin həcmi 1 trilyon 700 milyard dollar müəyyən edilib.

Bu ticarət dövriyyəsinin yarıdan çoxu, daha dəqiq desək, 61%-i 3 ölkənin (ABŞ, Çin və Böyük Britaniya) payına düşür. Dünyada ən iri rəqəmsal şirkətlərinin qeydiyyatda olduğu ölkələrin ümumi daxilolmalarında onun nə qədər mühüm rol oynadığını həmin şirkətlər tərəfindən ödənilmiş vergilərin məbləğindən də görmək olar: bir il ərzində “Apple” 13,1 milyard dollar, “Google” 2,3 milyard dollar, “Facebook” 1,3 milyard dollar, “EBAY” şirkəti 610 milyon dollar vergi ödəyib.

Ölkəmizə gəlincə, rəsmi statistikaya görə, Azərbaycanda elektron ticarətin həcmi o qədər də böyük deyil. Əslində isə bu rəqəmin milyonlarla manat olduğunu güman etmək olar. Məhz bu səbəbdən, ilkin olaraq, elektron ticarətin dövlət uçotunun təşkil olunması zəruridir”.

Onun sözlərinə görə, elektron ticarət sahəsində uçotun təşkili, şəffaflığın artırılması və vergitutma bazasının genişləndirilməsi istiqamətində lazımi addımlar atılmaqla e-ticarətin vergiyə cəlb edilməsi asanlaşacaq ki, bu da vergitutma bazasının genişləndirilməsinə və dövlət büdcəsinə vergi daxilolmalarının həcminin artmasına səbəb olacaq.

U.A.

0
9