Təsisçi və paylar barədə məlumat notarius və vərəsələrə də veriləcək

Təsisçi və paylar barədə məlumat notarius və vərəsələrə də veriləcək

Qanuna dəyişiklik edilib.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, kommersiya hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar sorğu əsasında həm də notariusa və təsisçilərin vərəsələrinə də veriləcək.

Hüquqşünas Oktay Məhərrəmov dəyişikliyi şərh edərkən Oxu.Az-a bildirib ki, əvvəllər bu məlumatlar qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və təhqiqat orqanlarına, əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə, maliyyə monitorinqi orqanına, məcburi icra orqanına (icra məmurlarına), vəkilə, digər təsisçilərə (iştirakçılara), barəsində məlumatların verilməsi tələb olunan şəxsin razılığı ilə üçüncü şəxslərə verilirdi.

Onun sözlərinə görə, son dəyişiklikdən sonra isə notariuslar və təsisçilərin (iştirakçıların) vərəsələri də bu məlumatları əldə edə biləcəklər:

“Qeyd etmək lazımdır ki, qüvvədə olan qanunvericiliyimizə əsasən, kommersiya hüquqi şəxslərinin dövlət reyestrinin aşkarlığı prinsipi təsbit edilib. Bu prinsipə əsasən, hər bir şəxs reyestrdəki yazılarla tanış olmaq hüququna malikdir. Bəzi məlumatlar isə ümumi tanışlıq üçün elektron xidmət vasitəsi ilə açıq internet resurslarında yerləşdirilib. Lakin kommersiya hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna halını təşkil edir. 

Ümumilikdə qeyd etmək lazımdır ki, təsisçilər və onların payları barədə məlumatların dövriyyəsinin belə rejimdə tənzimlənməsi və bu barədə məlumatların aşkarlığının məhdudlaşdırılması aşkarlıq prinsipi baxımından bir o qədər də səciyyəvi deyil.

Biznes münasibətlərinin mürəkkəbləşməsi bir çox ölkələrdə qarşı tərəfin sona qədər eyniləşdirilməsi və verifikasiyasını tələb edən universal “Müştərini tanı” prinsipinin rəhbər tutulması və tədbiqi ilə nəticələnib.

Biznes mühitində şəffaflığın təmin edilməsi üçün kommersiya hüquqi şəxslərin təsisçiləri, onların payları barədə məlumatların aşkarlığının təmin edilməsi, bununla da kontragentin son kimliyinin müəyyənliyi vacibdir və qanunvericiliyə bu barədə müvafiq dəyişikliklərin edilməsi faydalı olardı”, - deyə, Oktay Məhərrəmov bildirib.

0
20