Əlillərdən ibarət komandalar məşq etdikləri universitet zalından çıxarılıb

Əlillərdən ibarət komandalar məşq etdikləri universitet zalından çıxarılıb

Azərbaycanın əlillərdən ibarət yığması və 16 yaşadək əlil uşaqlardan ibarət futbol komandaları məşq etdikləri idman zalından çıxarılıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti Şaiq Həmidov məlumat verib.

Onun sözlərinə görə, federasiyanın komandaları 2015/2016 tədris ilində Azərbaycan Texniki Universitetinin idman sarayında məşq edib. Lakin həmin saray əsaslı təmirə bağlandığından komandalar Memarlıq və İnşaat Universitetinin idman zalına üz tutub:

“Təhsil müddəti başa çatandan sonra bizə dedilər ki, universitet yay tətilinə çıxır və buranı boşaltmalısınız. Biz də zalı tərk etdik. O vaxtdan komandalarımız məşq edə bilmir. Bundan sonra Sahə Futbol Federasiyasının prezidenti Mahir Məmmədova müraciət etmişik.

Məsələni AFFA-nın baş katibi Elxan Məmmədova da bildirdik və o, tez reaksiya verərək təhsil naziri Mikayıl Cabbarova müraciət edib, məktub ünvanladı. Lakin artıq bir aydan çoxdur ki, müraciətə cavab yoxdur”.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məsələdən məlumatsız olduğunu bildirib:

“Düzü, məsələdən xəbərim yox idi. Amma istənilən halda əlillər xüsusi qrup insanlardır. Məktub yazılıbsa, detallar öyrəniləcək və uyğun cavab veriləcək”.

Baş verənlərdə adı hallanan Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyeva isə əlillərdən ibarət komandanın zaldan uzaqlaşdırılmasını təmirlə əlaqələndirib.

O bildirib ki, komanda yenidən zalda məşqlərə davam edə bilər:

“Sözügedən komandanın məşq etdiyi 2 saylı tədris korpusunda təmir işləri getdiyi və işçilər məzuniyyətdə olduğu üçün bu addım atılmışdı. Biz həmişə əlillərdən ibarət komandalara kömək etmişik və bundan sonra da dəstəyimizi əsirgəməyəcəyik. Yenidən rəsmi müraciət etsələr, idman zalı onların ixtiyarına verilə bilər”.

E.Ə.

www.oxu.az

0
8