İlyas Əfəndiyevin xatirəsi yad edildi – FOTO

İlyas Əfəndiyevin xatirəsi yad edildi – FOTO

3 oktyabr - görkəmli dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin anım günüdür. Milli dramaturgiyamızın inkişafında misilsiz xidmətləri olmuş böyük yazıçının vəfatından 20 il ötür. Bu münasibətlə ədibin Fəxri xiyabandakı məzarı ziyarət edilib.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Respublikamızın tanınmış ziyalıları, alimlər, teatr ictimaiyyəti və mərhum yazıçının ailə üzvlərinin toplaşdığı anım mərasimini Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açıb.

Xalq şairi Nəriman Həsənzadə İlyas Əfəndiyevi dramaturgiyadakı müəllimi adlandıraraq mərhumun xatirəsinə ithaf etdiyi şerini oxuyub.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli öz çıxışında bir zaman “Kənddən məktublar” kitabı ilə ədəbiyyata gəlmiş yazıçının ictimai fəaliyyətdən, Azərbaycanda ədəbi prosesə töhfə verməsindən danışıb.

Akademik Milli Dram Teatrının direktoru və baş rejissoru, Xalq artisti Azərpaşa Nemətov İlyas Əfəndiyevlə birgə çalışmadığına görə təəssüflənsə də, onun müasiri olduğundan qürur duyduğunu söyləyib.

Rejissor, Xalq artisti Cənnət Səlimova Azərbaycan teatr səhnəsini İlyas Əfəndiyevin dramaturgiyasından kənar təsəvvür etmədiyini bildirib. Xalq artisti Amaliya Pənahova isə ötən əsrin altmışıncı illərində “Sən həmişə mənimləsən” pyesi ilə böyük səhnəyə gəldiyini və bu tamaşanın görünməmiş uğurunu xatırladıb.

Sonra baş nazirin müavini, Xalq yazıçısı Elçin İlyas Əfəndiyevsiz keçən iyirmi ildə dövlət başçısının onun yubileylərinin qeyd olunması barədə iki sərəncam imzaladığını, əsərlərinin təkrar nəşr edildiyini, yaradıcılığı barədə tədqiqatların yazıldığını vurğulayıb, böyük dramaturqu ziyarətə gələn hər kəsə ailə üzvləri adından təşəkkür edib.

Sonda xalq artistləri Bəsti Cəfərova “Xurşidbanu Natəvan” tamaşasından baş qəhrəmanın, Ramiz Məlikov isə “Qarabağnamə”dən Cavad xanın monoloqunu söyləyiblər.

A.S.

0
6