Bakı Şəhər Halqası idman jurnalistləri ilə görüş keçirib

Bakı Şəhər Halqası idman jurnalistləri ilə görüş keçirib

Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bir qrup yerli idman jurnalisti ilə görüş keçirib.

Oxu.Az xəbər verir ki, görüşün keçirilməsində məqsəd bu il Azərbaycanda ilk dəfə keçirilmiş Formula 1 yarışının nəticələri və növbəti il üçün hazırlıqlara dair fikir mübadiləsi aparmaqdır.

Görüş zamanı qeyd olunub ki, son illər ərzində ölkədə idman, turizm və mədəniyyət sahəsində aparılan böyük islahatlar iri miqyaslı beynəlxalq yarışların və tədbirlərin həyata keçirilməsi üçün əlverişli mühit yaradıb.

Bunun təbii nəticəsi olaraq bu ilin yayında uğurla baş tutmuş Avropa Qran Prisi Formula 1 tarixində yeni səhifə açmaqla yanaşı həm də Azərbaycanın, xüsusən də paytaxt Bakı şəhərinin bütün dünyada yarış həvəskarları tərəfindən daha yaxından tanınmasına öz töhfəsini verib.

Belə ki, yarışı izləmək üçün xarici ölkələrdən Azərbaycana minlərlə turist səfər edib və ümumilikdə milyonlarla televiziya tamaşaçısı yarışı canlı olaraq izləyib.

Bakı Şəhər Halqasında keçirilmiş Avropa Qran Prisi zamanı 2016-cı il Formula 1 mövsümündə şəhər trekləri arasında ən yüksək sürət qeydə alınıb. “Williams” komandasının pilotu Valteri Bottas trekin 2,2 km olan dənizkənarı hissəsində 366 km/saat sürətlə hərəkət edərək Bakı Şəhər Halqasında keçirilən ilk yarışda ən yüksək sürəti reallaşdırıb.

Bununla yanaşı 2016 Avropa Qran Prisində başqa bir rekord da əldə olunub. “Williams” komandası 1,92 saniyədə pit-stop əməliyyatını həyata keçirməklə Formula 1 tarixində ən sürətli pit-stop edən komanda adına yiyələnib.

E.Ə.

0
8