Əmanətlərin Sığortalanması Fondunun dövlətə olan borcu açıqlandı

Əmanətlərin Sığortalanması Fondunun dövlətə olan borcu açıqlandı

“Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının qərarı ilə lisenziyası ləğv olunmuş “Bank Standard” QSC ilə əlaqədar bu gün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Himayəçilər Şurasının iclası keçiriləcək”.

Oxu.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında ADİF-in icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, iclasda bankın əmanətçilərinə kompensasiyanın ödənilməsi məqsədi ilə borclanma haqqında qərarın qəbul edilməsi gözlənilir. Bundan sonra, Azərbaycan Mərkəzi Bankı ADİF-ə vəsait ayrılması üçün Maliyyə Nazirliyinə müraciət edəcək, ayrılacaq vəsaitin məbləği və illik faiz dərəcəsi razılaşdırılacaq.

Xatırladaq ki, “Bank Standard”dakı əmanətlərin məbləği 520 milyon manatdır. Bunun 460 milyon manatını qorunan əmanətlər təşkil edir. Kompensasiya ödəmək üçün ADİF-ə borc verilməsi nəzərdə tutulub. Hələlik isə Fondun dövlətə 118 milyon manat borcu var.

A.Cavadov onu da qeyd edib ki, “Bank Standard”ın ləğvedicisi çox güman ki, rəhbərlik etdiyi qurum olacaq: “Bununla bağlı ADİF-in HŞ-na müraciət olunub və buna etiraz edilməyib”.

Bu baş tutsa, ADİF-in ləğvedici olduğu kommersiya banklarının sayı 10-a çatacaq. Xatırladaq ki, hazırda Fond “Royal Bank”, “Bank of Azerbaijan”, “Atrabank”, “Qafqaz İnkişaf Bankı”, “Texnikabank”, “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank” ASC-lərin ləğv edilməsi ilə məşğuldur.

U.A.

0
20