Elnarə Xəlilova: Röya bek-vokal oxumağı bacarmır

Elnarə Xəlilova: Röya bek-vokal oxumağı bacarmır

“Bəstəkar Vaqif Gərayzadə “W-trio” qrupuna əvvəlcədən proqnoz qoymuşdu ki, iki il davam edəcək. Elə də oldu, iki ildən sonra qrup dağıldı”.

Oxu.Az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova “Qonaq gəl bizə” verilişində deyib.

İfaçı həmkarları Röya Ayxan və Natavan Həbibi haqda danışıb:

“Biz Vaqif Gərayzadənin ilk triosu deyildik. Bizə qədər o, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Almaz Ələsgərli kimi ulduzları estradamıza bəxş etmişdi. O, bir çox ulduzları parıldatdı. Mənə elə gəlirdi ki, bizim qrup on il davam edəcək. Qrupu ilk Röya tərk etdi ki, solo ifaya başlayacağam. Röya gedəndən sonra qrupun bütün ağırlığı mənim üstümə düşdü.

Onlar arasında yeganə musiqi savadı olan, not bilən mən idim. Qızlara bəzi şeyləri mən öyrədirdim. Vaqif müəllimin ilk tapşırığı Röyanın yerinə adam gətirmək oldu. Səidə Sultanı tapdım, iki ay onu öyrətdim. Halal xoşu olsun. Daha sonra mən getdim. Natavan Həbibi “kapitan” oldu, sona kimi qaldı”.

E.Xəlilova “Sizin qrupun qızlarının Aygün Kazımovanın bek-vokalçısı olduğu deyilir. Bu ifadəyə digər iki müğənni əsəbiləşsə də, siz normal qəbul edirsiniz” sözlərinə belə münasibət bildirib:

“Bu ifadə məni qıcıqlandırmır. Bek-vokal oxumaq fitri istedad tələb edir. Müğənni nəyisə səhv oxuyursa, onu bek-vokalçı düzəldir. Tarkan, Ebru Gündeş, Sertap Erener nə vaxtsa kiminsə bek-vokalı olublar. Hər adam bunu bacarsaydı, özü oxuyardı da, məni niyə çağırırdı? Vaqif Gərayzadənin mahnılarının 90 faizinin bek-vokalını mən və Natavan oxuyub. Röya bek-vokal oxumağı bacarmır. O konsertlərdə oxumurdu, ancaq yanımızda dayanıb, bizi güldürürdü.

Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ağadadaş Ağayev, Brilliant Dadaşova kimi ulduzların mahnılarında bek-vokal oxumuşuq. Bu eyib deyil, bacarıqdır, istedaddır. Bu işdən utanmıram, əksinə, sevinirəm ki, musiqiçi kimi özümü təsdiq etmişəm”.

A.S.

0
6