Rza Təhmasib – 122

Rza Təhmasib – 122

Kinoda rejissor kimi ən uğurlu işi “Arşın mal alan” filmi olub.

Azərbaycannın görkəmli kino və teatr rejissoru, aktyor, pedaqoq, xalq artisti Rza Abbasqulu oğlu Təhmasibin anadan olmasından 122 il ötür.

Oxu.Az xəbər verir ki, Rza Təhmasib Naxçıvanda dünyaya gəlib. 16 yaşında ikən Tbilisidə “Müsəlman Artistləri İttifaqı”nın teatr truppasında fəaliyyətə başlayan gənc Təhmasib 1920-ci ilədək Tbilisi, İrəvan, Naxçıvan teatrlarında aktyorluq və rejissorluq edib. 

1920-ci ildən isə bu müqtədir sənətkarın yaradıcılığı Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı olub. 1922-1924-cü illərdə bu teatrda bədii rəhbər, 1937-1938-ci və 1953-1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərib.

Aktyor kimi yaratdığı İsgəndər (“Ölülər”), İblis və Arif (“İblis”), Şeyx Sənan (“Şeyx Sənan”), Qacar (“Ağa Məhəmməd Şah Qacar”), Süleyman (“Həyat”) kimi rollar klassik teatrımızın ən layiqli sənət nümunələrindən olub.

Rza Təhmasibin Cəfər Cabbarlı yaradıcılığına böyük simpatiyası olub. Dəfələrlə bu nəhəng dramaturqun əsərlərini səhnəyə qoyub, müxtəlif rolları ifa edib.

Rejissor kimi ilk müstəqil işi Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri olub.

Bu böyük sənətkar 1937-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib və elə həmin il də Bakı studiyasında “Ordenli Azərbaycan"” sənədli filmini çəkib.

Müharibənin qızğın dövründə — 1941-ci ildə Rza Təhmasib “Səbuhi” filminin çəkilişlərinə başladı. Film 1943-cü ildə tamamlandı. Bu, Rza Təhmasibin bədii kino sahəsində ilk rejissorluq işi idi.

Böyük mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından bəhs edən bu filmdə İsmayıl Dağıstanlı, Leyla Bədirbəyli, Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov, Möhsün Sənani,Mustafa Mərdanov kimi böyük sənətkarlar çəkiliblər.

Ancaq onun kinoda rejissor kimi ən uğurlu işi “Arşın mal alan” filmi olub. 1945-ci ildə kinorejissor Nikolay Leşşenko ilə birgə yaratdığı bu film SSRİ Dövlət mükafatına layiq görülüb.

Kinoda ilk sərbəst rejissor işi isə “Onu Bağışlamaq Olarmı?” filmi olub.

Rza Təhmasib ömrünün son illərini pedaqoji fəaliyyətlə məşğul olub, Azərbaycanda yeni rejissor və aktyor nəslinin yetişməsində mühüm və əhəmiyyətli rol oynayıb.

O, 14 fevral 1980-ci ildə dünyadan köçüb.

0
32