Rusiya BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edəcək

Rusiya BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edəcək

Rusiya oktyabrın 1-dən etibarən BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edəcək. Bu ay BMT-nin yeni baş katibinin seçkiləri başa çata bilər.

Oxu.Az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının birinci iclası bazar ertəsi oktyabrın 3-də baş tutacaq, həmin iclasda bir aylıq proqram razılaşdırılacaq.

Rusiyanın BMT-də daimi nümayəndəliyindən hazırda 20-dən çox iclasın planlaşdırıldığı bildirilib. Şuranın oktyabr ayında müzakirə edəcəyi əsas mövzular Afrikada münaqişələr: Sudanın Darfurunda, Konqo Demokratik Respublikasında, Mali, Mərkəzi Afrika Respublikasında, Cənubi Sudanda vəziyyət, eləcə də Yaxın Şərqdə: Suriya, Livan və Yəmən problematikasıdır. Yaxın Şərqdə nizamlamaya dair rüblük açıq debatlar oktyabrın 19-na təyin edilib.

Qeyd edək ki, oktyabrın 5-də Təhlükəsizlik Şurasında BMT-nin baş katibi postuna namizədlərə yeni formatda səsvermə baş tutacaq.

Xatırladaq ki, Təhlükəsizlik Şurasının 15 üzvü arasında sədr-ölkənin seçilməsi əlifba sırası ilə aparılır. BMT-nin beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsinə cavabdeh olan orqanı – Təhlükəsizlik Şurasında sədrlik bir ay sürür.

Sentyabr ayında BMT-nin Təhlükəsizlik Şurasında Yeni Zelandiya sədrlik edirdi. Rusiya öz növbəsində noyabrın 1-də bu postu Seneqala təhvil verəcək.


N.O.

0
10