Nazirlik: Bu günədək 5 mindən çox əlil və şəhid ailəsinə mənzillər verilib

Nazirlik: Bu günədək 5 mindən çox əlil və şəhid ailəsinə mənzillər verilib

Qarabağ müharibəsi əlillərinin minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkcə keçən il və cari ilin ötən dövründə 385 nəfər, o cümlədən 180 nəfər Qarabağ müharibəsi əlili, 205 şəhid ailəsi müasir tələblərə cavab verən yeni mənzillərlə təmin ediliblər.

Ümumilikdə bu vaxta qədər Nazirliyin xətti ilə 5336 nəfər əlil və şəhid ailəsi mənzillə təmin olunub.

Bu barədə nazirlikdən Oxu.Az-a bildirilib. 

“Hazırda respublikamıızn bölgələrində yeni fərdi yaşayış evlərinin, çoxmənzilli binaların tikintisi, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi istiqamətində işlər uğurla davam etdirilir”, - deyə nazirlikdən qeyd edilib. 

Bundan başqa, nazirlikdən bildiriblər ki, Qarabağ müharibəsi əlillərinin minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hələ 2014-cü ildə artıq həmin ilədək növbədə dayanan bütün imtiyazlı şəxslərin avtomobillə təminatı başa çatdırılmaqla, 2014-cü il ərzində növbəyə dayananların avtomobillə təminatına başlanılıb. 

İndiyədək ölkəmizdə dövlət tərəfindən 5750 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə minik avtomobili verilib ki, onların 33,6 faizi (1933 nəfər) məhz 2014-2015-ci illərdə “Naz-LİFAN” markalı avtomobillə təmin ediliblər”, - deyə nazirlikdən bildirilib. 

Nazirlikdən qeyd ediblər ki, Qarabağ müharibəsi əlilləri əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə ilə yanaşı, Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə də təmin edilirlər:

“Şəhid ailələrinə də Azərbaycan Prezidentinin aylıq təqaüdü ödənilir. Dövlət başçısının 16 yanvar 2016-cı il tarixli Fərmanı ilə həmin təqaüdlərin məbləği cari ilin fevralın 1-dən 10% artırılıb”.

Eyni zamanda Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin 16 yaşadək (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə görə aylıq sosial müavinət də ödənilir və bu müavinətin məbləği cari il fevralın 1-dən 10% artırılıb.

Yaşa görə əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvünün hər birinin əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır. Digər tərəfdən, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət də ödənilir.

Nazirlikdən qeyd ediblər ki, Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin övladlarının təhsilinə də xüsusi diqqət və qayğı göstərilir:

“Belə ki, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamına əsasən, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanların, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların, şəhid ailələrinin respublikamızın ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqının 2014/2015-ci tədris ilindən etibarən Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə başlanılıb”.

0
30