Ənvər Əlibəylinin 100 illik yubileyi münasibətilə xatirə gecəsi təşkil ediləcək

Ənvər Əlibəylinin 100 illik yubileyi münasibətilə xatirə gecəsi təşkil ediləcək

Oktyabrın 7-də şair, tərcüməçi, ictimai xadim Ənvər Əlibəylinin 100 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcəkdir.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Ənvər Əlibəyli 1916-cı il aprel ayının 1-də Bakıda dünyaya göz açıb. Tibb Texnikumunda, ADU (indiki BDU), APİ-nin (hazırda ADPU) filologiya fakültəsində təhsil alıb.

1938-ci ildən İkinci Dünya müharibəsi başlayana qədər Azərbaycan radiosunda çalışıb. Tiflisdə Topçular Hərbi məktəbini bitirib, leytenant rütbəsi ilə könüllü olaraq öncəbhəyə gedib.1944-cü ildə ağır yaralandıqdan sonra yazıçı-jurnalist kimi döyüşlərdə iştirak edib.

40-cı illərin axırında “İnqilab və mədəniyyət”, “Təbliğatçı” jurnallarının məsul katibi olan Ənvər Əlibəyli, 1948-1952-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının orqanı «Ədəbiyyat qəzetinin» redaktoru vəzifəsində çalışıb. 1952-ci ildən ömrünün axırınadək Respublika Radio və Televiziya Verilişləri Komitəsində işləyib, 1964-1968-ci illərdə həmin komitənin sədri olub.

SSRİ Ali Sovetinin deputatı (7- ci çağırış) olub. 1939-cu ildən Sovet Yazıçılar İttifaqının üzvü olan Ənvər Əlibəylinin şeir və poemaları müxtəlif xalqların dilinə tərcümə edilib. Onun “Qaranquş” adlı ilk şeirlər kitabı 1947-ci ildə işıq üzü görür. Sonrakı illərdə xeyli kitabı nəşr olunur: “Sənin adınla”, “İlk məhəbbət”, “Dostluq körpüsü”, “Mingəçevir şeirləri”, “Dalğalar arasında”, “Elə xoşbəxtəm ki!”, “Nəğmələr”, “Bir kitab şeir”, “Ürəyimdəsən” və s.

“Əbədiyyət” (1964) novella-pyesinin müəllifi olan Ənvər Əlibəylinin “Seçilmiş əsərləri” 1975-ci ildə işıq üzü görüb. Ənvər Əlibəyli həm də bir neçə poemanın müəllifidir. “Samur dastanı“ poeması Samur çayının suyunu çəkib susuz çöllərimizə çatdıran inşaatçıların fədakarlığından, “Bacı“, “Gözlər, ürəklər, əməllər“ poemaları 1941-1945-ci illərin hadisələrindən, “Dalğalar arasında“ poeması isə dəniz neftçilərinin sücaətindən, “Polad“, “Dostluq körpüsü“ yaxın keçmişin hadisələrindən bəhs edir.

Uşaq ədəbiyyatında da Ənvər Əlibəylinin öz yeri var. “Qurd nağılı”, “İlan və qurbağa”, “Balaca bağbanlar” adlı şeir və təmsilləri indi də məktəb dərsliklərində yer almaqdadır.

Ənvər Əlibəylinin bir sıra şeirlərinə musiqi bəstələnib. Onun «Azərbaycan» şeirinə bəstəkar Rauf Hacıyevin bəstələdiyi mahnı isə dillər əzbəridir. Mahnı görkəmli müğənni, Xalq artisti Rəşid Behbudovun ifasında bir çox ölkələrdə səslənib.

Ənvər Əlibəyli 1968-ci ildə may ayının 7-də Bakıda həyatının, yaradıcılığının yüksələn bir vaxtında dünyadan köçüb. Məzarı Fəxri Xiyabandadır.

A.S.

0
11