Ölkədə kredit büroları yaradılacaq

Ölkədə kredit büroları yaradılacaq

Yeni qanun layihəsi parlamentdə qəbul edildi.Azərbaycanda kredit büroları yaradılacaq.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu, “Kredit büroları haqqında” qanun layihəsində nəzərdə tutulub.

Layihə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, sözügedən qanun layihəsini Milli Məclisə Prezident İlham Əliyev təqdim edib.

Komitə sədri qeyd edib ki, kredit bürolarının yaradılmasında məqsəd fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılmasıdır.

Onun sözlərinə görə, kredit bürolarını xidmətdən fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq:

“Kredit bürolarında toplanmış məlumat bazasından borcalanların maddi vəziyyətini ətraflı təhlil etmək mümkün olacaq. Kredit bürosu topladığı fərdi məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 5 il müddətinə saxlayır və həmin fərdi məlumatın istifadəçilərə verilməsini təmin edir.

Bu müddət başa çatdıqdan sonra fərdi məlumat ləğv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir”.

Z.Səmədzadə qeyd edib ki, kredit bürolarının fəaliyyəti ilə bankların xərcləri azalacaq: “Dünyanın bir çox ölkələrində kredit büroları yaradılıb. Azərbaycanda da belə bir qanun layihəsinin qəbul olunmasına ehtiyac var. Hazırkı qanun layihəsi beynəlxalq standartlara uyğun hazırlanıb”.

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib ki, bu qanun layihəsinin qəbul edilməsi ilə bankların üzləşdikləri risklər xeyli azalacaq.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

U.A.

0
15