Xalq şairi Qabilin 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib

Xalq şairi Qabilin 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib

Sentyabrın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında poeziyamızın görkəmli nümayəndəsi, Xalq şairi Qabil İmamverdiyevin (Qabil) anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Əvvəlcə tədbir iştirakçıları unudulmaz şairin şeir kitablarının nümayiş olunduğu sərgi ilə tanış olublar. Daha sonra şairin keçdiyi ömür yolunu əks etdirən fotoslayd təqdim edilib.

Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Qabilin həyat və yaradıcılığından söz açıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Qabilin Azərbaycan poeziya tarixindəki xidmətlərindən danışıb.

Gecədə çıxış edən şairin qələm dostları onun həyat və yaradıcılığından, Azərbaycan poeziyasına bəxş etdiyi dəyərli töhfələrdən danışaraq xatirələrini bölüşüblər.

Tədbir konsert proqramı ilə davam edib. Konsertdə şairin şeirlərinə bəstələnmiş mahnılar ifa olunub, şeirləri səsləndirilib.

A.S.

0
8